Sokrat və Platon

JonathanJonathan
6 min read

Sokrat

Kimdir

Sokrat (e.ə. 470-399) Qədim Yunanıstanda yaşamış və qərb fəlsəfəsinin banilərindən biri hesab olunan bir filosof idi. Özü heç bir əsər yazmayıb, onun haqqında məlumatlar əsasən şagirdləri Platon və Ksenofonun yazılarından gəlir. "Sokratik metod" adlanan sorğu-sual üsulu ilə tanınır. Əxlaq, ədalət, bilik və həqiqət kimi mövzularla maraqlanırdı və "özünü tanı" prinsipinin tərəfdarı idi. Gəncləri yoldan çıxarmaqda ittiham olunaraq mühakimə edilib və zəhər içərək ölüm cəzasına məhkum edilib. Qərb fəlsəfəsinə böyük təsir göstərib.

Haqqında

Həyatı

Təxminən 2400 il öncə Afinada bir insan həddən artıq çox sual verdiyi üçün ölümə məhkum edilmişdi. Ondan əvvəl də filosoflar olmuşdu, lakin məsələnin başlanğıcı məhz Sokratdan başlanmışdı. Əgər fəlsəfənin müqəddəs bir himayədarı varsa, o da Sokratdır. O qeyri-adi insan idi. Eyni zamanda son dərəcə zəhlətökən idi: özünü adamları bərk sancan bir mozalan hesab edirdi. Gəncliyində o, Peloponnes müharibəsində spartalılara qarşı döyüşmüş, cəsur bir əsgər olmuşdu. Orta yaşlarında isə bazarlarda və yarmarkalarda gəzib, insanlara qəribə suallar verirdi. O zamanlar Afinanın zəngin insanları öz övladlarını sofistlərin yanına təhsil almağa göndərirdilər. Sofistlər uşaqlara nitq mədəniyyətini öyrədən məntiq müəllimləri idilər. Onlar öz xidmətləri qarşılığında xeyli pul alırdılar. Sokrat isə əksinə, öz xidmətinə görə heç bir mənfəət əldə etmirdi. Əslində, o heç nə bilmədiyini iddia edirdi, belə olan halda kiməsə və nəyisə necə öyrədə bilərdi ki ?! Afina əhalisi Sokrata Platon qədər yüksək dəyər vermirdi. Afinalıların çoxu Sokratın təhlükəli olduğunu və məqsədyönlü şəkildə hakimiyyəti nüfuzdan salmağa çalışdığını düşünürdülər. E.ə 399-cu ildə, yəni Sokrat 70 yaşında ikən Meletus adlı biri onu məhkəməyə verir. O, Sokratın Afina Tanrılarına etinasızlıq etdiyini və özünün yeni Tanrılarını tərənnüm etdiyini iddia eləyir. Həmçinin Sokratın gənclərə yanlış tərbiyə verdiyini və hakimiyyət nümayəndələrinə qarşı çıxmağı aşıladığını da iddia edirdi. Bunların hər ikisi ciddi ittiham idi. Onların nə dərəcədə həqiqətə uyğun olduğunu indi demək çətindir. Bəlkə də, Sokrat, həqiqətən, öz tələbələrini hakimiyyətə qarşı itaətsizliyə çağırırdı və onun Afina demokratiyasına rişxəndlə yanaşmasına dair bəzi dəlillər var. Hə, bu onun xarakterinə uyğun idi. Bilinən əsl həqiqət isə afinalıların çoxunun onu günahkar hesab etməsidir. Onun günahkar olub-olmaması səsə qoyuldu. Münsiflər heyətinə üzv olan 501 vətəndaşın yarıdan çoxu Sokratın günahkar olmasına səs verdiyi üçün ona ölüm cəzası kəsildi. Bunun əvəzində isə o özünün “Mozalan” ləqəbinə sadiq qalaraq, yanlış bir iş görmədiyini və afinalıların, əslində, ona minnətdarlıq hissi duymalı olduqlarını deyib onları daha da qəzəbləndirdi. Bədənini asta-asta iflic edən bir zəhər içməklə özünü öldürməyə onu məcbur etdilər. O, arvadı və üç oğlu ilə vidalaşdı, tələbələrini başına topladı. Əgər onun sual vermədən yaşamağa davam etmək kimi bir seçimi olsaydı belə, o bu seçimindən istifadə etməzdi.

Sorğu-sual

Nümunə kimi Etudemusla olan söhbətini göstərmək olar. Sokrat ondan oğruluğun pis iş olub-olmadığını soruşur. “Əlbəttə ki, pis işdir”, – deyir Etudemus, çünki bunun gün kimi aydın olduğunu düşünürdü. “Bəs özünü öldürmək istəyən dostunun bıçağını oğrulamaq necə, o da pis işdir ?” – deyə Sokrat soruşur. “Şübhəsiz ki, bu da oğruluqdur. Amma pis işdir, yoxsa yaxşı işdir ? Oğruluq olmasına baxmayaraq, bu, yaxşı əməldir”. Artıq tora düşən Etudemus onunla razılaşmalı olur.

Hərbi komandir “cəsarət”in nə olduğunu dəqiq bildiyinə əmin şəkildə onunla söhbətə başlasa da, Sokratla iyirmi dəqiqəlik söhbətdən sonra fikirləri alt-üst şəkildə ondan uzaqlaşdı.

Hər kəsin nə qədər az bildiyini anlaması ilə bitən belə söhbətləri özünün uğuru sayırdı. Əslində, anlamadığın məsələni anladığını düşünmək bundan daha xoş hislər bəxş edir insana.

Müdriklik anlayışı

Onun dəyərləndirdiyi müdriklik nəyisə çox vacib bir adam dediyi üçün sorğusuz qəbul etmək deyildir, dəlillər göstərməklə fikri əsaslandırmağa və suallar verməyə istinad edir. Sokrata görə, müdriklik çoxlu faktlar bilmək və ya hansısa işi yaxşı bacarmaq da deyil. Bu bizim mövcudluğunuzun həqiqi təbiətini və öyrənə biləcəklərimizin hüdudunu bilməkdir. Sokratı bu qədər müdrik edən onun daima suallar verməsi və öz ideyaları ətrafında mübahisələrə daima hazır olmasıdır. Həyat yalnız görülən iş barədə düşündüyünüz təqdirdə yaşamağa dəyər. Düşüncəsiz mövcudluq heyvan üçün kafidir, insan üçün isə o yaramır.

Üzbəüz yoxsa yazmaqla müzakirə

Sokrat digər filosoflar kimi düşündüklərini yazmaqdan imtina edir, danışmağı yazmaqdan üstün tuturdu. Yazılı sözlər isə cavab verə, anlamadığınız mətləbləri sizə başqa sözlərlə izah eləyə bilmir. Üzbəsurət/üzbəüz söhbət daha yaxşıdır. Söhbət etdiyimiz zaman qarşımızdakı adamın necə biri olduğunu biz nəzərə ala bilirik, fikrimizin daha yaxşı anlaşılması üçün müxtəlif üsullaf seçirik. Yazmaqdan imtina etdiyi üçün bu dahi insanın nəyə inandığını və nələr barədə mübahisə etdiyini biz, əsasən, onun misilsiz tələbəsi olmuş Platonun əsərlərindən bilirik.

Sokratın mübahisə etdiyi insanlarla söhbətlərə dair onun bir neçə silsilə yazısı var. Bunlar “Platonun dialoqları” adı ilə məşhurdur və həm fəlsəfi, həm də ədəbi baxımdan möhtəşəm əsərlərdir, çünki Platon müəyyən mənada öz dövrünün Şekspiri idi.

Platon

Kimdir

Platon (e.ə. 428/427 – 348/347) Qədim Yunanıstanda yaşamış nüfuzlu filosof idi. Sokratın şagirdi və Aristotelin müəllimi olub, Afinada Akademiya adlı fəlsəfi məktəbin əsasını qoymuşdur. Dialoq formasında yazılmış çox sayda fəlsəfi əsərləri ilə tanınır. Ən məşhur əsərləri "Dövlət", "Simpozium" və **"Fedon"**dur. "İdeyalar nəzəriyyəsi" onun fəlsəfəsinin əsasını təşkil edir. Bu nəzəriyyəyə görə, həqiqi aləm ideyalar aləmidir.

Haqqında

Sokrat əslində Platon ola bilər ?

Əslində, burada məsələ o qədər də şəffaf deyil, çünki Platonun, həqiqətən də, Sokratın dediklərini olduğu kimi yazdığını və ya “Sokrat” adlandırdığı o obrazın adından sırf öz fikirlərini yazdığını dəqiq deyə bilmirik. Lakin dünyanın məhz göründüyü kimi olmamasına dair fikrin Platondan daha çox Sokrata aid olduğuna hamı inanır.

Formalar nəzəriyyəsi/ mağara nəzəriyyəsi

Görüntü və reallıq arasında böyük fərq var. Biz anladığımızı düşünsək də, əslində anlamırıq. Platon inanırdı ki, yalnız filosoflar dünyanın həqiqətdə necə olduğunu anlaya bilirlər. Onlar reallığın təbiətini öz hisləri ilə deyil, düşüncələri sayəsində kəşf edirlər. Bu fikri izah etmək üçün Platon bir mağara təsvirindən istifadə edir. Bu xəyali mağarada insanlar üzləri divara doğru zəncirləniblər. Gözlərinin qarşısında hərəkət edən kölgələri durur və bunların bir həqiqət olduğunu düşünürlər. Təsvirlər isə həqiqi deyillər. İnsanların gördükləri yalnız arxalarındakı alovun qarşısına tutulmuş əşyaların kölgələridir. Bu insanlar bütün ömürlərini divarda əks olunan kölgələrin həqiqi əşya olduğunu düşünərək keçirirlər. Sonra onlardan biri zəncirlərdən qurtularaq alova tərəf dönür. Öncə alovun parlaq işığı onun gözlərini qamaşdırır, bir az sonra o, işığa alışır və harada olduğunu anlamağa başlayır. Mağaradan çıxıb, gün işığında öz ətrafına baxa bilir. Mağaraya geri dönüb, həqiqi dünyada gördüklərini danışanda mağaradakı zəncirlənmiş insanlar ona inanmırlar. Zəncirdən azad olan o insan bir filosofdur. O, təsvirlərin ardını görməyi bacarır. Sadə insanın reallıq haqda anlayışı isə məhduddur, çübki o yalnız gözünün qarşısındakını görür və çox da dərin düşünə bilmir. Görüntülər ksə aldadıcı olur. İnsanların gördükləri reallıq deyil, məhz kölgələrdir. Bu mağara hekayəsi Platonun Formalar nəzəriyyəsi kimi tanınıb. Bunu anlamağın ən yaxşı yolu isə nümunələrdir.

Buna uyğun olaraq Platon düşünürdü ki, yaxşılığın nə olduğunu anlamaq üçün onun görünən təzahürlərinə deyil, formasına baxmaq lazımdır. Filosoflar da formalad haqqında bu cür abstrakt düşünə bilən insanlardır. Adi insanlar dünyanı öz duyğu orqanları ilə qavradıqlarından həqiqətə yaxın düşə bilmirlər.

Platonun “Dövlət” əsəri

Filosoflar reallıq haqda düşünməyi yaxşı bacardıqlarından Platon onların hakimiyyət sahibi olmalarının vacibliyinə inanırdı. Özünün ən məşhur “Dövlət” əsərində o, xəyalında olduğu mükəmməl cəmiyyəti təsvir edir. Filosoflar ən yüksəkdə dayanırlar və xüsusi təhsil alırlar, lakin onlar idarə etdikləri vətəndaşların rifahı naminə öz maraqlarını da qurban verməli olurlar. Onlardan sonra gələn ölkəni müdafiə etmək üçün təlim görmüş əsgərlər gəlir, bunların ardınca fəhlələr gəlir. Bu üç qrupun mükəmməl tarazlıqda olacağını düşünürdü Platon, bu balans emosiya və istəkləri nəzarətdə saxlaya bilən beyin kimi olacaqdı. Təəssüf ki, onun bu cəmiyyət anlayışı həm demokratiyanın əleyhinə yönəlmişdi, həm də insanları yalan və güc hesabına nəzarətdə saxlayacaqdı. İncəsənətin bir çox növlərini, reallıq haqda yanlış məlumat verdiklərini düşündüyündən o, qadağan edəcəkdi. Rəssamlar gördüklərini təsvir edirlər, görüntülər isə forma haqda yanlış təsəvvür yaradır. Platonun ideal dövlətində həyatın hər bir aspekti yuxarılardan idarə ediləcəkdi. Bu isə bizim totalitar rejim adlandırdığımız quruluşa daha uyğundur. Platona görə, insanların səsverməsi səsverməsi sərnişinlərə gəmini idarə etmək imkanı vermək kimi bir şeydir, hakimiyyətdə isə bu işdən halo insanlar təmsil olunmalıdır. Beşinci əsrin Afinası Platonun “Dövlət” əsərində təsvir etdiyi cəmiyyətdən tamamilə fərqli idi. Əhalinin yalnız 10 faizinin səs vermək hüququ olsa da, bu, demokratiya idi. Qadınlar və qullar səs vermək hüququndan məhrum olsalar da, vətəndaşlar qanun qarşısında bərabər idilər və siyasi qərarlara təsir etmək üçün hər kəsin bərabər imkana malik olmasını təmin etmək üçün seçki lotoreyası sistemi mövcud idi.

10
Subscribe to my newsletter

Read articles from Jonathan directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.

Written by

Jonathan
Jonathan

Tarix üzrə ixtisaslaşmışam. Fəlsəfə və din araşdırmaçısıyam.