Aristotel

Table of contents

Kimdir
Aristotel (e.ə. 384–322) qədim yunan filosofu, Platonun tələbəsi və Aleksandr Makedonlunun müəllimi olub. O, məntiq, fizika, metafizika, etika, siyasət, poeziya və biologiya kimi sahələrdə fundamental əsərlər yazıb. Aristotel elmi metodun və məntiqin əsaslarını qoyaraq, Qərb fəlsəfəsinə böyük təsir göstərib. Onun "Qızıl Orta" etikası, "Siyasət" əsərində dövlət quruluşları haqqında fikirləri və məntiqə dair "Orqanon" adlı əsəri xüsusi əhəmiyyət daşıyır. Fikirləri orta əsrlərdə İslam və Xristian fəlsəfəsində mühüm rol oynayıb. Aristotel Afinada özünün “Lisey” adlanan məktəbini qurmuşdu. O həmçinin əhəmiyyətli bir kitabxana da yaratmışdı. Rafaelin Renessans dövründə yaratdığı məşhur əsərlərdən biri olan “Afina məktəbi” tablosunda Platon ideyalar aləmi kimi səmaya işarət edir, Aristotel isə əliylə yeri, yəni real aləmin vacibliyini göstərir. Platon oturduğu kreslodan filosofluq etməyi üstün tuturdu, Aristotel isə bizim gördüyümüz dünyanı araşdırmağa can atırdı. O, müəlliminin Formalar nəzəriyyəsini inkar edərək istənilən bir şeyi öyrənməyin ən yaxşı yolunun onun nümunələrini araşdırmaq olduğuna inanırdı. Yəni pişiyin necə bir heyvan olduğunu bilmək üçün bir pişik forması haqda abstrakt düşünmək əvəzinə, hansısa bir pişiyi hərtərəfli araşdırmağı daha məshələtli bilirdi. Sokrat-Platon-Aristotel. Bu üç filosofun düşüncələri isə bir-birindən hədsiz dərəcədə fərqlidir, çünki onlar tutuquşu kimi, sadəcə, öyrəndiklərini təkrarlamayıblar. Hər birinin dünyaya öz orjinal yanaşması olub. Daha sadə desək, Sokrat daha natiq olub, Platon istedadlı yazıçı olub, Aristotel isə hər şeyə maraq duyub. Sokrat və Platon görünən dünyanın sırf düşüncə ilə dərk edilən bir həqiqətin kölgəsi olduğuna inanıblar, Aristotel isə ətraf aləmin detallarına heyranlıq duyub.
Eudaimonia
“Bir qaranquşla bahar gəlmir”. Bu ifadə Aristotelin öz oğlu Nikomaxusa həsr etdiyi “Nikomaxus etikası” kitabındandır. Bir neçə qısa xoşbəxtlik məqamının insanın tam mənada xoşbəxt sayılması üçün yetərsizliyinə işarədir. Aristotelə görə, xoşbəxtlik qısamüddətli sevinc deyil. Nə qədər təəccüblü görünsə də, o, uşaqların xoşbəxt olmaq iqtidarında olmadıqlarını düşünürdü. Bu fikir absurd səslənir. Əgər uşaq da xoşbəxt ola bilmirsə, bəs onda kim xoşbəxt sayıla bilər ? Uşaqlar həyata yenicə başlayıblar və heç bir mənada həyatı hələ tam qavraya bilmirlər. Onun iddiasına görə, həqiqi xoşbəxtlik isə uzun bir ömür sürməyi tələb edir. Bunun üçün əziyyət çəkilməlidir. İnsan heç yoxdan xoşbəxt ola bilməz. “Biz necə yaşamalıyıq ?”. İnsanları fəlsəfəyə cəlb edən səbəblərdən biri məhz bu suala cavab tapmaq istəyidir. Aristotelin bu suala özünəməxsus cavabı var idi. Bunun ən bəsit ifadəsi bu cürdür: xoşbəxtlik axtarmaqla. Bəs bu “xoşbəxtlik axtarmaq” ifadəsinin özü nə deməkdir ? Axı insanların çoxunun xoşbəxtlik axtarışını həyatdan zövq almaq yollarını axtarmaq kimi anlayır. Ola bilsin, sizin üçün xoşbəxtlik ekzotik bir adada istirahət etmək, musiqi tədbirlərinə və ya konsertlərə getmək, yaxud da dostlarınızla əylənməkdir. Başqa birisi üçün bu, sakit guşədə sevimli kitabını oxumaq və ya rəsm qalereyasına getmək ola bilər. Aristotelə görə isə, bunlad yaxşı həyatın ünsürü sayıla bilərdi, lakin o, xoşbəxtliyi hansısa həzz axtarışında görmürdü. Onun düşüncəsinə görə, belə şeylər öz-özlüyündə yaxşı həyat sayıla bilməzdi. Aristotel yunan sözü olan “eudaimonia” sözündən istifadə edirdi, bu da tərcümədə xoşbəxtlikdən daha çox nailiyyət və ya uğur mənasına gəlir.
Bir çiçək düşünün. Lazimi qədər su və işıq versəniz, o inkişaf edib çiçəklənər. Diqqətsizlik etsəniz, vaxtında sulamasanız və ya qaranlıq yerdə saxlasanız, o qurumağa başlayar. İnsanlar da bitkilər kimi ola bilər, lakin bitkilərdən fərqli olaraq bu halda seçimi biz özümüz edirik, hansı işi görməmizə və necə biri olmamıza da özümüz qərar veririk. Aristotel insan təbiətinin mövcudluğundan, özünün dediyi kimi, insan varlığının bir funksiyasının varlığından əmin idi. Bizə ən çox münasib sayılan bir yaşayış tərzi mütləq var. Bizi heyvanlardan və bütün digər məxluqlardan fərqləndirən cəhət nə işlə məşğul olduğumuzu götür-qoy edərək əsaslandırmaq kimi qabiliyyətimizin varlığıdır. Buna görə də o, belə qənaətə gəlmişdi ki, insan həyatının ən uyğun forması gücdən ağılla, məntiqlə istifadədir.
Aristotel bilmədiyiniz şeylərin və hətta sizin ölümünüzdən sonra baş verəcək hadisələrin də sizin eudaimonianıza təsir edəcəyinə inanırdı. Bu, qəribə səslənir. Ölümdən sonrakı həyatın var olmadığına inansaq, onda biz bu dünyada olmadığımız vaxt baş verəcək hadisələr xoşbəxtliyimizə necə təsir göstərə bilər ki ? Yaxşı, hesab edək ki, siz valideynsiniz və sizin xoşbəxtliyinizin müəyyən hissəsi övladınızın gələcəyi ilə bağlıdır. Əgər bədbəxtlikdən siz öləndən sonra övladınız hansısa xəstəliyə düçar olsa, bu da sizin xoşbəxtliyinizə müəyyən təsir etmiş sayılar. Aristotelin fikrincə, siz bundan xəbərdar olmasanız belə, övladınızın xəstəliyi sizin eudaimonianıza təsirsiz ötüşməyəcək. Gələcəkdə nələrin baş verəcəyini ehtimal etməsəniz də, bütün mümkün hallar sizin real, yəni indi və burada sürdüyünüz həyatı da ağırlaşdıracaq. Belə olan halda xoşbəxtliyiniz həyatda, ümumiyyətlə, nəyə nail olmanızdan, sevdiyiniz insanların başına gələn işlərdən təsirlənmiş olur. Sizin nəzarətinizdən kənarda olan və buna bənzər məlumatlar da öz təsirini göstərir. Xoşbəxt olub-olmamağınız isə müəyyən mənada bəxtinizin gətirməsindən asılı olur. Həyatdan alacağımız həzlərin sayını artırmaq əvəzinə, onlar bizim daha yaxşı insan olmağa və daha yaxşı işlər görməyə çalışmalı olduğumuzu düşünürlər. Həyatı yaxşı edən də məhz budur. O iddia edirdi ki, insanlar ictimai heyvanlardır. Biz başqa insanlarla birlikdə yaşamağı bacarmalıyıq və təbiətimizin qaranlıq tərəflərini idarə etmək üçün müəyyən bir ədalət sisteminə malik olmalıyıq. Eudaimoniaya da yalnız cəmiyyətdə yaşayaraq yiyələnmək olar. Biz birgə yaşayırıq və yaxşı nizamlanmış siyasi vəziyyətdə ətrafımızdakı insanlarla qarşılıqlı münasibət sayəsində xoşbəxtliyə qovuşa bilərik.
“Qızıl orta” doktrinası
“Eudaimonia şansımızı artırmaq üçün biz nə edə bilərik ?” Aristotel buna belə cavab vermişdi: “Xarakterimizi düzgün formalaşdırmalıyıq”. Lazım olan anda uyğun emosiyaları yaşamalıyıq ki, bu da bizim düzgün davranışlarımıza şərait yaratsın. Bu, müəyyən mənada, bizim almamızdan asılıdır, çünki nəcib vərdişləri formalaşdırmağın ən yaxşı yolu ta uşaqlıqdan bunlara alışmaqdır. Bəxtimizin gətirməsi ilə bağlı da bu şərt keçərlidir. Yaxşı hərəkətlər bizə yaxşılıq, pis hərəkətlər isə pislik gətirər. Mülki insanları qorumaq üçün əsgər öz həyatını aşkar riskə atır. Səfeh adam isə öz təhlükəsizliyi haqda heç düşünmür. O da özünü riskə ata bilər, lakin bunun cəsarət və ya şücaətlə heç bir əlaqəsi olmaz. Bunun əksinə olaraq qorxaq əsgər döyüş meydanında qorxudan karıxıb qalar, hərəkət etməyə özündə cəsarət tapmaz. Cəsarətli əsgər də qorxu hiss keçirər, lakin o, qorxaq adamdan fərqli olaraq bu hissi yenib, döyüşə atılmaq üçün özündə güc tapa bilər. Buna aid başqa nümunələr baxaq:
Səxavət – Xəsislik (çox az vermək) və israfçılıq (həddindən artıq xərcləmək) arasında tarazlıqdır. Səxavətli insan başqalarına kömək edir, amma özünü çətin vəziyyətə salmır;
Hirs – Tamamilə hirsiz olmaq (laqeydlik) və hər şeyə qəzəblənmək (aqressivlik) arasında orta nöqtədir. Lazımi məqamda haqlı hirs göstərmək ədalət üçün vacibdir;
İnam – Çox sadəlövh olmaq və həddindən artıq şübhəcil olmaq arasında balansdır. Sağlam inam, insanları tanımaq və onlara həddindən artıq aldanmamaq deməkdir;
Zarafatcıl olmaq – Darıxdırıcı olmaq və həddən artıq zarafat etməklə insanları narahat etmək arasında tarazlıqdır. Yaxşı yumor duyğusu münasibətləri gücləndirir;
Liderlik – Avtoritar olmaq və tam passiv olmaq arasında qızıl orta nöqtədir. Yaxşı lider həm tələbkar, həm də anlayışlı olmalıdır.
Aristotel hər bir xüsusiyyətin məhz göstərilən nümunələrdə olduğu kimi iki əks qütb arasında yerləşdiyini düşünürdü. Bu misal, əsasən Aristotelin “Qızıl orta” doktrinası adıyla tanınır.
Subscribe to my newsletter
Read articles from Jonathan directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.
Written by

Jonathan
Jonathan
Tarix üzrə ixtisaslaşmışam. Fəlsəfə və din araşdırmaçısıyam.