Epikür

JonathanJonathan
6 min read

Kimdir

Epikür (e.ə. 341–270) qədim yunan filosofudur və Egey dənizinin Samos adasında doğulmuşdu. Həyatının çox hissəsini Afinada keçirmiş, onunla birgə yaşayan xeyli tələbəni ətrafına yığan məşhur bir şəxsiyyət olmuşdur. Bu tələbələr sırasına qadınlar və qullar da daxil idi ki, bu da Afina üçün nadir hal sayılırdı. Buna görə də ardıcıllarının Epikürə bəslədiyi rəğbət daha da artırdı. O bu fəlsəfi məktəbi bağçası olan bir evdə açmışdı və bu səbəbdən məktəb də “Bağ” adı ilə tanınmışdı. O, Epikürçülük fəlsəfi məktəbinin əsasını qoymuşdur. O, xoşbəxtliyi və sakitliyi (ataraxiya) həyatın əsas məqsədi kimi qəbul edirdi. Epikürə görə, insan ağrıdan qaçmalı və həzzə yönəlməlidir, lakin bu həzz düşünülmüş və ölçülü olmalıdır. O, kainatın atomlardan ibarət olduğunu və tanrıların insan həyatına qarışmadığını irəli sürərək dini qorxuların əsassız olduğunu bildirirdi. Epikürçülük, əsasən, materialist və hedonist bir yanaşma ilə tanınır. Bir çox antik filosoflar kimi (Piter Singer kimi bəzi müasir filosoflar kimi), Epikür də fəlsəfənin praktik olmasına tərəfdar idi: o, həyatınızı dəyişə bilməliydi. Və “Bağ”da ona qoşulanların fəlsəfə haqqında, sadəcə, düşünməsi yox, onu praktikada tətbiq etməsi də vacib idi.

Həzz anlayışı

Epikürə görə, həyatın açarı hamımızın həzz axtarışında olduğumuzu qəbul etmək idi. Və daha vacib məqam bacardıqca ağrı-acıdan qaçmamızdır. Bizi hərəkətə gətirən də məhz budur. İztirabları həyatımızdan kənarlaşdırmaq, xoşbəxtliyi isə artırmaq həyatımızı daha gözəl edər. Buna görə də yaşamağın ən yaxşı yolu sadə həyat tərzi sürmək, ətrafdakı insanlara qarşı nəzakətli davranmaq və dostların əhatəsində yaşamaqdır. Bu yolla siz arzularınızın çox hissəsini həyata keçirə biləcəksiniz. Əldə edə bilməyəcəyiniz heç nə qalmayacaq. Əgər heç zaman kifayət qədər pulunuz olmayacaqsa, o zaman malikanə sevdasına düşməniz də məsləhət deyil. Böyük ehtimalla heç cür əldə edə bilməyəcəyiniz bir şey uğrunda mübarizəyə bütün həyatınızı sərf eləməyin. Daha sadə yolla yaşamaq daha yaxşıdır. Arzularınız sadədirsə, onları həyata keçirmək də asan olacaq və həyatınızdakı başqa əhəmiyyətli işlərə sərf etmək üçün daha çox vaxtınız və enerjiniz qalacaq. Bu onun xoşbəxtlik anlayışıdır və bizə kifayət qədər mənalı görünür. Bu fəlsəfə müəyyən mənada terapiya idi. Epikürün məqsədi tələbələrini zehni iztirablardan azad etmək və keçmiş həzləri yada salmaqla fiziki ağrıları azaltmağı öyrətmək idi. O qeyd edirdi ki, həzlər qısa müddət sürə bilər. lakin onları sonradan yada saldıqca da biz təkrar həzz duya bilirik və bu yolla onlar daha uzunmüddətli təsirə malik olur. Ölüm yatağında olan və ağrı çəkən dostuna vaxtilə onunla söhbətdən aldığı həzzi xatırladaraq diqqətini xəstə ballikdən yayındırmağa necə nail olduğu barədə Epikür də yazmışdı. Bütün bunlar bu gün bilinən "epikürizm" anlayışından fərqlidir. Demək olar ki, onun tam əksinədir. Adətən, “epikürçü" adı ləziz yeməklər yeməyi xoşlayan, lüks və zövqlü həyat tərzini sevən birinə verilir. Epikür isə bunlardan qat-qat sadə zövqə sahib idi. Aza qane olmağın vacibliyini vurğulayırdı, çünki tamahın əsiri olub, onu doyurmağa çalışdıqca daha böyük arzular meydana çıxır ki, nəticədə də istədiklərinin hamısını əldə edə bilməyən insan mental əzablara düçar olur. Daha çox şey əldə etməyə çalışmaq həvəsindən yayınmaq lazımdır. O və onun tələbələri ekzotik yeməklərlə deyil, yavan çörək və su ilə qidalanırdılar. İnsan bahalı şərab içməyə öyrəşəndə qısa müddət sonra daha bahalı içkiyə meyil salır və imkanı xaricindəki məqsədlər uğrunda çarpışmağa məcbur olur. Bütün bunlara rəğmən onun düşmənləri "Bağ"da toplaşan epikürçülərin vaxtlarının çox hissəsini yeyib-içməyə və aramsız eyş-işrətə sərf etdiklərini iddia edirdilər. Müasir "epikürizm" də öz əsasını məhz buradan almışdır. Əgər Epikürün davamçıları, həqiqətən, belə edirdilərsə, o zaman bu onların ustadlarının təliminə tamamən zidd davranış imiş. Çox güman ki, bunlar, sadəcə, şayiə idi.

Ölüm anlayışı

Öz dəfn mərasiminizi təsəvvür edin. Bu necə olacaq? Ona kimlər qatılacaq? Nə deyəcəklər? Təsəvvürləriniz öz baxış bucağınıza uyğun olmalıdır. Sanki siz özünüz bir kənarda dayanıb bütün bu prosesi izləyirsiniz. İndi bəzi insanlar bu ehtimalın doğruluğuna, ölümdən sonra fiziki bədənimizi tərk edən ruhumuzun bu dünyada baş verənləri izləyə biləcəyinə çox inanırlar. Ölümün bir son olduğunu düşünənlər üçün isə bu, əsl problemdir. Onlar orada olmayacaqlarını hər dəfə təsəvvürə gətirməkdən ötrü orada olduqlarını və baş verənləri izlədiklərini təsəvvürlərində canlandırmalıdırlar. Öz ölümünüzü təsəvvür etməyi nə dərəcədə bacarıb-bacarmadığınızdan asılı olmayaraq, mövcud olmamaqdan qorxmanız tamamilə təbiidir. Kim öz ölümündən qorxmur ki ?! Əgər bizi narahat edəcək yeganə məsələ varsa, o da məhz bu olmalıdır. Uzun illərdən sonra baş versə belə, bu dünyada mövcud olmamaq barədə narahatlığa qapılmaq tamamilə normal bir hissdir. Bu, bir instinktdir. Yaşayan insanlardan çox az qismi ölüm haqda dərindən düşünməz. Qədim yunan filosofu Epikür (E.ə. 341-270) ölüm qorxusunun vaxt itkisi və pis məntiqə əsaslandığını iddia edirdi. Bu düşüncə əsla yaxına buraxılmamalıdır. Əgər bu haqda dərindən düşünsəniz, qorxulu bir şey olmadığını aşkar görərsiniz. Düşüncənizi qaydaya salandan sonra bu dünyadakı həyatınızdan kifayət qədər həzz alacaqsınız ki, Epikürə görə, bu, olduqca vacibdir. O əmin idi ki, fəlsəfənin məqsədi həyatı daha gözəl etmək və xoşbəxtliyə qovuşmaqda insanlara kömək etməkdir. Bəzi insanlar ölüm haqda düşünməyin dəhşətli bir şey olduğuna inanırlar, lakin Epikürə görə, bu, həyatı daha maraqlı etmək üçün bir vasitədir. Ölümünüz sizinlə baş verəcək bir şey deyil. Bu baş verəndə siz artıq mövcud olmayacaqsınız. İyirminci əsr filosofu Lüdviq Vittgenşteyn bu nəzəriyyəni özünün "Məntiqi fəlsəfə traktatı" adlı əsərində belə təqdim etmişdir: "Ölüm bir həyat hadisəsi deyildir". Burada əsas məsələ bizim müəyyən hadisələri yaşamamızdır və şüurlu şəkildə yaşamadığımız hər hansı hadisə əsla bizim başımıza gəlmiş sayıla bilməz. Epikür bildirir ki, biz öz ölümümüz haqda düşünəndə çox adamın ölümdən sonra cansız cəsədin başına gələcəklərdən xəbərinin olacağını düşünmək yanlışına yol verir. Bu isə bizim kimliyimizin yanlış qavranmasıdır. Biz öz bədənimizə, fiziki vücudumuza bağlıyıq. Epikürün nəzəriyyəsinə əsasən, biz atomlardan ibarətik (onun atom termini ilə müasir elmdə bilinən atom nisbətən fərqli məfhumlardır). Ölüm zamanı bu atomlar bir-birindən ayrılanda biz artıq şüurlu varlıq kimi mövcud olmuruq. Hətta əgər kimsə bu hissələri hansısa yolla birləşdirməyə nail olub, ona can versə belə, bunun bizimlə artıq heç bir əlaqəsi olmayacaq. Bu yeni bədən zahirən bizə bənzəsə də, tamamilə başqa bir insan olacaq. Onun yaşadığı iztirabları mən hiss etməyəcəyəm, çünki bədən bir dəfə öz funksiyasını dayandıranda onu daha heç bir qüvvə təkrar həyata qaytara bilməz, çünki belədə onun kimlik zənciri qırılmış olur.

Keçmiş və gələcək

Epikürün tələbələrini ölüm qorxusundan qurtarmaq üçün istifadə etdiyi növbəti bir üsul keçmiş və gələcək ilə bağlı hisslərimiz arasındakı fərqi sezmək idi. Biz onlardan biri haqda düşünür, digəri haqda isə düşünmürük. Doğulana qədərki zamanı düşünün. Siz doğulmazdan öncə də həyat öz axarı ilə davam edirdi. Hətta sizin valideynləri-niz doğulmazdan min illər əvvəl də həyat mövcud idi. Biz, adətən, özümüzdən öncəki zaman haqda düşünmürük. Bəs onda biz mövcud olmadığımız vaxt (gələcəkdə) nələrin baş verəcəyi haqda niyə düşünməliyik? Bizim düşüncələrimiz asimmetrikdir. Biz əvvəlki zaman haqda düşünmək əvəzinə, ölümümüzdən sonra nələrin baş verəcəyi haqda düşünürük. Epikür isə bunun yanlış olduğunu düşünürdü. Bənzər bir hal müşahidə edərkən ölümdən sonra nə baş verdiyi haqda düşündüyünüz kimi, doğumunuzdan öncə də nələrin baş verdiyi haqda düşünün. O zaman bu sizə böyük bir problem yaşatmaz. Epikür xatirələrin ağrını qismən azaldacağına inanırdı və bunun üçün hazır bir cavabı da var idi. Lakin siz bədəndəki ruh olduğunuzu və bu ruhun ölmüş bədəndən nə vaxtsa ayrılacağını düşünürsünüzsə, onda Epikürün müalicəsi sizə yaramaz: ürəyiniz dayanandan sonra belə, mövcudluğunuzun davam etməsini təsəvvür edə biləcəksiniz.

“Yox idim, var oldum, əgər yoxamsa, onda məni heç nə maraqlandırmır”.

0
Subscribe to my newsletter

Read articles from Jonathan directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.

Written by

Jonathan
Jonathan

Tarix üzrə ixtisaslaşmışam. Fəlsəfə və din araşdırmaçısıyam.