Aureli Avqustin


Kimdir
Müqəddəs Aureli Avqustin (latınca: Aurelius Augustinus Hipponensis; 13 noyabr 354, Taqast, Numidiya – 28 avqust 430, Hippon, Numidiya) — xristian ilahiyyatçısı və filosofu, erkən orta əsrlər xristian fəlsəfəsinin ən görkəmli nümayəndəsi, patristikanın banilərindən biri, Hippon yepiskopu, mistik, xristian müqəddəsi. Onun fəlsəfəsi neoplatonizm və xristianlığın sintezindən ibarətdir.
Həyatı
Avqustin 354-cü ildə Şimali Afrikada, Numidiyanın (indiki Əlcəzair) Taqast şəhərində anadan olmuşdur. Atası Patrisius bütpərəst, anası isə qatı xristian olan Müqəddəs Monika idi. Çılğın gənclik və erkən yetkinlik yaşlarında ikən evlərində çalışan qulluqçuları ondan uşaq doğmuşdu. Avqustin gəncliyində ritorika təhsili almış, Karfagendə və Romada dərs demişdir. Bu dövrdə Mani dininə maraq göstərmiş, lakin sonradan ondan uzaqlaşmışdır. Avqustin uzun illər mənəvi axtarışlar içində olmuşdur. Neoplatonizm fəlsəfəsi, xüsusilə Platonun əsərləri onun dünyagörüşünə güclü təsir göstərmişdir. Milanda olarkən yepiskop Ambrosi Mediolanlının moizələri onu xristianlığa daha da yaxınlaşdırmışdır. 386-cı ildə Milan yaxınlığındakı Kassisiak bağında dramatik bir dinə dönüş hadisəsi yaşamışdır. O, bir uşağın "Al, oxu!" (lat. "Tolle, lege") deyən səsini eşidir və Müqəddəs Pavelin Romalılara məktubunu açaraq oxuyur. Bu hadisə onu xristianlığı qəbul etməyə sövq edir. O, Allahdan “indi yox”, nə vaxtsa onun cinsi istəklərini yox etməsini istəyirdi, çünki hələlik dünya həzlərindən xeyli zövq alırdı. 391-ci ildə Hippon şəhərində keşiş, 395-ci ildə isə yepiskop təyin olunur. Yepiskop kimi o, donatizm və pelagianizm kimi xristian bidətlərinə qarşı mübarizə aparmış, xristian doktrinasını müdafiə etmişdir. Avqustin 430-cu ildə, Hippon şəhəri vandallar tərəfindən mühasirəyə alındığı zaman vəfat etmişdir.
Əsas Əsərləri
"Etimadnamə" (Confessiones) Avqustinin ən məşhur əsəridir. Bu əsərdə o, öz həyat hekayəsini, mənəvi axtarışlarını və dinə dönüşünü təsvir edir. Bu, Qərb ədəbiyyatının ilk avtobioqrafiyalarından biri hesab olunur. "Tanrı şəhəri haqqında" (De Civitate Dei) əsəri xristian tarix fəlsəfəsinin əsasını qoymuşdur. Avqustin burada iki şəhərdən – Yer şəhəri (dünyəvi dövlət) və Tanrı şəhərindən (ilahi məmləkət) bəhs edir. Əsər Roma İmperiyasının süqutuna cavab olaraq yazılmış və xristianlığın tarixdəki rolunu izah etməyə çalışmışdır. "Üç üqnum haqqında" (De Trinitate) əsərində Avqustin xristianlığın Üç üqnum (Ata, Oğul və Müqəddəs Ruh) doktrinasını təhlil edir və müdafiə edir. "Xristian təlimi haqqında" (De Doctrina Christiana) əsəri Müqəddəs Yazıları anlamaq və şərh etmək üçün hermenevtik (şərh) prinsiplərini təqdim edir. "Monoloqlar" (Soliloquia) əsərində Avqustin öz-özü ilə fəlsəfi dialoqlar aparır.
Fəlsəfi görüşü və iradə problemi
Avqustin, bir xristian kimi Allaha dərin inam bəsləsə də, bu inamı ona bir çox cavabsız suallar buraxmışdı. O, Allahın ondan nə tələb etdiyini və səhv etməyin fəsadlarının nə qədər ağır ola biləcəyini düşünürdü. Avqustin üçün səhv etmək sadəcə bir xəta deyildi — bu, sanki əbədi olaraq sulfat turşusunda əriyən bir ruhun aqoniyasına bərabər idi. Onun zehnini rahat buraxmayan ən çətin suallardan biri isə şərin mövcudluğu idi. Əgər Allah hər şeyin Yaradıcısıdırsa və xeyirxahdırsa, bəs şər niyə mövcuddur ? O, bu məsələyə yanaşarkən, iki cür bəlaları fərqləndirirdi: təbii bəlalar — zəlzələlər, xəstəliklər kimi insanın iradəsindən kənar baş verənlər və mənəvi bəlalar — qətl, işgəncə kimi insan əli ilə törədilənlər. Epikürün irəli sürdüyü problem burada da öz yerini tapırdı: əgər Allah həqiqətən hər şeyə qadirdirsə, niyə bu məşəqqətlərin qarşısını almır? Yox əgər almırsa, deməli ya o, düşündüyümüz qədər hər şeyə qadir deyil, ya da xeyirxah deyil. Avqustin bu dilemma qarşısında duraraq diqqətini daha çox mənəvi bəlalara yönəltdi. O, Allahın insan zehninin anlaya bilməyəcəyi bir planının olduğuna inanmağın kifayət etmədiyini düşünürdü. Ona görə, izah tapılmalıydı. Avqustin qəbul edirdi ki, Allah xeyirxah və hər şeyə qadir olduğuna görə şəri birbaşa yaratmış ola bilməzdi. Bəs onda şər haradan gəlirdi ? Burada onun nəzəriyyəsi azad iradə üzərində quruldu. Avqustinə görə, Allah insanlara azad seçim vermişdi. Məhz bu azadlıq bizə xeyirxah olmaq, mənəvi dəyərlərə uyğun yaşamaq, İsa Məsihin "Qonşunu sev!" çağırışına əməl etmək imkanı verir. Ancaq eyni zamanda, bu azadlıq bizə şəri də seçmək fürsəti verir — şeytana xidmət etmək, oğurluq, qətl kimi əməllərə yol açır. Avqustin bu halların insanın ehtiraslarının düşüncəsinə qalib gəlməsi nəticəsində baş verdiyini iddia edirdi. O, Platonun fikirlərinə istinad edərək ehtirasların ağıl tərəfindən idarə olunmalı olduğunu müdafiə edirdi. Əgər Allah insanları yalnız yaxşılıq etməyə "proqramlaşdırmış" olsaydı, o zaman insan həqiqətən azad olmayacaqdı — biz şüurdan məhrum, sadəcə Allahın idarə etdiyi kuklalar olardıq. Avqustin hesab edirdi ki, Allah şəri birbaşa yaratmasa da, azad iradəni yaratmaqla dolayısı ilə onun var olmasına imkan tanımışdı. Çünki həqiqi xeyirxahlıq, yalnız insanın öz seçimi ilə yaxşılığı seçdiyi halda dəyər qazanır. Avqustin, həmçinin, ilk günah anlayışına da istinad edirdi. Onun fikrincə, Adəm və Həvvanın Müdriklik ağacının meyvəsindən yeməsi, insanın Allaha qarşı ilk itaətsizliyi idi. Bu itaətsizlik, bəşəriyyəti mənəvi zəifliklərə sürükləyən ilk günahı dünyaya gətirmişdi. Bu hadisə, Avqustinə görə, insanların şərə meyilliliyinin başlanğıcı idi. O, maniçilik təlimindən də təsirlənmişdi, lakin nəticədə bu təlimin dualist dünyagörüşünü rədd etmişdi. Maniçiliyə görə, kainatda xeyir və şər bərabər qüvvələr kimi mübarizə aparırdı. Avqustin isə belə bir bərabərlik ideyasını qəbul etmirdi. O, xristian inanclarına əsaslanaraq, şərin heç vaxt xeyir qədər güclü ola bilməyəcəyini vurğulayırdı. Xeyir həmişə daha güclü idi, lakin şərin varlığı insana verilmiş azad iradənin qaçılmaz nəticəsi idi. Sonda Avqustin belə bir qənaətə gəlirdi: Allah bütün məşəqqətləri dayandıra bilərdi, lakin bunu etsəydi, insanın azad seçimi məhv olardı. O, insanı azad yaratmaqla, ona həm xeyri, həm də şəri seçmək hüququ vermişdi. Bizim əsl dəyərimiz isə məhz bu azadlıqda — Allahın yolunu könüllü seçib seçməməyimizdə idi. Avqustinin fikirləri əsrlər boyu mübahisələr doğursa da, onun azad iradə üzərində qurduğu bu fəlsəfi yanaşma, xeyir və şərin mövcudluğuna dair suallara cavab axtaranların düşüncələrində dərin iz buraxdı.
Avqustin zamanı Tanrının yaratdığı bir şey kimi görürdü. Əbədiyyət isə zamandan kənar, dəyişməz bir varlıqdır.
Avqustinə görə, həqiqi bilik yalnız Tanrı tərəfindən verilən ilahi işıqlandırma (illuminasiya) vasitəsilə əldə edilə bilər.
Avqustin müharibənin bəzi hallarda ədalətli ola biləcəyi fikrini irəli sürmüşdür. O, müharibənin legitim məqsədlər, düzgün səlahiyyət və düzgün niyyətlə aparılmalı olduğunu bildirmişdir.
Aureli Avqustin Qərb fəlsəfəsi, ilahiyyatı və mədəniyyəti üzərində dərin izlər buraxmışdır. Onun fikirləri orta əsrlər xristian düşüncəsinin formalaşmasında mühüm rol oynamış, Reformasiya dövründə Martin Lüter və Jan Kalvin kimi islahatçılara təsir etmişdir. Avqustinin əsərləri bu gün də oxunur və müzakirə olunur.
Maniçilik
Maniçilik (və ya Manixeizm), III əsrdə Mesopotamiyada (indiki İraq) Mani (lat. Manes və ya Manichaeus, təxminən 216-276) adlı bir peyğəmbər tərəfindən qurulan dualistik bir dindir. Bu din təxminən min il ərzində, yəni III əsrdən XIII əsrədək geniş bir coğrafiyada yayılmış və özünəməxsus inanc sistemi, kosmoqoniyası və etikası ilə tanınmışdır. Gənc yaşlarında Avqustin Allahın müsibətlərin baş verməsini dilədiyinə inanmaqdan imtina edirdi. O maniçi (manixiest) idi. Avqustinin maniçiliyi seçməsində bəzi səbəblər güman edilir. Gəlin onlara baxaq. Maniçilərin inanclarına görə, insanın xüsusiyyətləri onun ruhundan gəlir. Şeytani işlər isə hamısı bədəndən gəlib bizi qara əməllərə sürükləyir. İnsanların nə üçün bəzən bəd əməllərə meyil etməsi də məhz bununla izah edilir. Pisliklər onlar üçün bir o qədər də anlaşılmaz məsələ deyildi, çünki maniçilər Allahın mütləq gücə malik olub, reallığın bütün aspektlərini idarə etmə ideyası ilə hesablaşmırdılar. Əgər Allah hər şeyi idarə edəcək bir gücə malik deyildisə, onda yer üzündə baş verən şər əməllərə görə də cavabdehlik daşımırdı və heç kim bunlara görə Allahı günahlandıra bilməzdi. Sonrakı illərdə Avqustin maniçilik yanaşmasından uzaqlaşır.
Maninin Həyatı
Mani, Babil yaxınlığında, xristian-yəhudi təriqətlərindən olan Elkesaitlər icmasında doğulmuş və böyümüşdür. O, 12 və 24 yaşlarında vəhy aldığını iddia etmiş və özünü "Həqiqət Elçisi" (sonuncu peyğəmbər) elan etmişdir. Mani, Zərdüştlük, Xristianlıq və Qnostisizmin (xüsusilə Valentinian Qnostisizminin) elementlərini öz təlimində birləşdirmişdir. O, özünü İsa, Zərdüşt və Buddanın davamçısı kimi təqdim edirdi.
Maniçiliyin əsas inanc prinsipləri (kosmoqoniya və kosmologiya)
Maniçilik, kökündə dualizm duran bir dindir. Bu dualizm, iki əzəli və əbədi prinsip – İşıq və Qaranlıq – arasındakı mübarizəyə əsaslanır: İşıq aləmi, yaxşılıq, nizam və kamilliyin mənbəyidir. Bu aləmi "Böyüklük Atası" (və ya Zurvan) idarə edir. İşıq aləmində saysız-hesabsız mələklər (aeonlar) və işıq zərrəcikləri mövcuddur. Qaranlıq Aləmi (Hyle): Qaranlıq aləmi isə xaos, pislik, maddə və ehtirasların mənbəyidir. Bu aləmi "Qaranlıq Şahzadəsi" idarə edir. Qaranlıq aləmində iblislər (arxontlar) və qaranlıq zərrəcikləri mövcuddur. Maniçiliyə görə, kainatın yaranışı bu iki aləmin toqquşması ilə başlamışdır. Qaranlıq şahzadəsi İşıq aləminə hücum etmiş və bu toqquşma nəticəsində işıq zərrəcikləri qaranlıq aləminə qarışmışdır. Maniçiliyə görə, ilk insan (Adəm və Həvva) qaranlıq qüvvələr tərəfindən yaradılmışdır. Onların bədənləri qaranlığa, ruhları (içlərindəki işıq zərrəcikləri) isə işığa məxsusdur. İnsanın məqsədi öz içindəki bu ilahi işıq zərrəciklərini azad etmək və İşıq aləminə qayıtmaqdır. Maniçilikdə İsa, Zərdüşt, Budda və Mani özləri xilaskar fiqurlar hesab olunur. Onlar insanlara İşıq aləminə qayıdış yolunu göstərən peyğəmbərlərdir. İsa, xüsusilə, "Parlaq İsa" (Jesus patibilis) kimi təsvir edilir və onun əzabları işıq zərrəciklərinin maddə aləmindəki əzablarını simvolizə edir.
Maniçilik, ciddi asketik həyat tərzini tələb edən bir din idi. İnanclılar iki qrupa bölünürdü: Seçilmişlər (Electi): Seçilmişlər, tamamilə asketik həyat tərzi sürən, evlənməyən, ət yeməyən, şərab içməyən və cinsi əlaqədə olmayan rahiblər təbəqəsi idi. Onlar özlərini işıq zərrəciklərini azad etməyə və qurtuluşa həsr etmişdilər. Dinləyicilər (Auditores): Dinləyicilər isə Seçilmişlərə xidmət edən, daha az sərt qaydalara əməl edən sıravi inanclılar idi. Onlar evlənə, ət yeyə (müəyyən məhdudiyyətlərlə) və dünyəvi işlərlə məşğul ola bilərdilər. Dinləyicilərin məqsədi Seçilmişlərə dəstək olmaq və gələcək həyatlarında Seçilmişlər səviyyəsinə yüksəlmək idi. Maniçilər, yemək, içmək və cinsi əlaqə kimi fəaliyyətləri işıq zərrəciklərinin maddəyə daha da bağlanmasına səbəb olan amillər kimi görürdülər. Buna görə də, xüsusilə Seçilmişlər, bu fəaliyyətlərdən maksimum dərəcədə çəkinməli idilər.
Maniçiliyin müqəddəs mətnləri
-Şabuhragan: Sasani şahı I Şapura həsr olunmuş və orta fars dilində yazılmış yeganə əsəridir.
-Canlı İncil: Maninin əsas əsərlərindən biri.
-Xəzinə: Maninin teoloji görüşlərini ehtiva edən əsər.
-Sirlər Kitabı
-Nəhənglər Kitabı
-Məktublar
-Psalmlar və Dualar
Bu əsərlərin çoxu itmiş və ya fraqmentlər şəklində dövrümüzə çatmışdır. Maniçiliyin müqəddəs mətnləri həmçinin sonradan yazılmış uyğur, çin, qibti və latın dilindəki mətnlərdən də öyrənilir.
Sona çatması
Maniçilik qısa müddətdə geniş bir əraziyə yayıldı. Şərqdə Çinə, qərbdə isə Şimali Afrika və Avropaya qədər çatdı. Roma İmperiyasında xristianlığın rəsmi din elan edilməsindən sonra Maniçiliyə qarşı təqiblər başladı. Şərqdə isə İslamın yayılması ilə Maniçilik tədricən sıxışdırıldı. XIII əsrdə Çində baş verən üsyanlar nəticəsində Maniçilik demək olar ki, tamamilə yox oldu. Təsirlərinə gələnədə isə maniçilik öz dövründə bir çox dinlərə və fəlsəfi cərəyanlara təsir etmişdir. Xristianlıqdakı bəzi bidətçi hərəkatlarda (məsələn, Paulikianlar, Boqomillər, Katarlar) Maniçiliyin izləri görünür. Həmçinin, İslamdakı bəzi sufi təriqətlərində də müəyyən Maniçi təsirlərin olduğu güman edilir.
Subscribe to my newsletter
Read articles from Jonathan directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.
Written by

Jonathan
Jonathan
Tarix üzrə ixtisaslaşmışam. Fəlsəfə və din araşdırmaçısıyam.