Bioloji müharibə

JonathanJonathan
7 min read

Aclıq

XX əsrin Çinində, orta əsrlər Hindistanında və qədim Misirdə insanlar hər zaman eyni bəla üçlüsü ilə üz-üzə qalıblar: aclıq, yoluxucu xəstəliklər və müharibələr. Bu üçlük daim həyatın mərkəzində olub. Bəzi peyğəmbərlər və mütəfəkkirlər isə bu bəlaları Tanrının sınağı və ya insan təbiətinin qüsuru kimi izah edib, insanlığın qiyamətə qədər bu müsibətlərdən qurtula bilməyəcəyini deyiblər. Lakin tarixdə ilk dəfədir ki, toxluq aclığı üstələyib: artıq aclıqdan çox insanlar həddindən artıq yeməkdən ölür. İnsanlar infeksiyadan yox, qocalıqdan dünyasını dəyişir. İntihar edənlərin sayı isə qətl qurbanlarını geridə qoyur. XXI əsrin əvvəllərində bir insanın McDonald’s yeməklərindən ölmək ehtimalı, quraqlıqdan, Eboladan və ya Əl-Qaidədən ölmək ehtimalından daha yüksəkdir. Orta əsrlər Hindistanında və Misirdə baş verən quraqlıqlar bəzən əhalinin 5–10 faizini məhv edirdi – bu, adi hal sayılırdı. Nəqliyyat zəif idi, ərzaq ehtiyatı daşına bilmirdi, hökumətlər isə bu yükün altından çıxa bilmirdilər. Baxın, 1692–1694-cü illərdə, Günəş Kral XIV Lüdovik Versalda məşuqələri ilə kef çəkərkən Fransada 2,8 milyon insan aclıqdan həlak olmuşdu. Bu, əhalinin 15 faizi deməkdir! Ardınca Estoniya (1695) və Finlandiya (1696) qıtlıqla sarsıldı, əhalinin beşdə biri və ya üçdə biri öldü. Şotlandiyada isə bəzi bölgələrdə ölüm səviyyəsi 20 faizə çatdı. Son 100 ildə texnologiya, iqtisadiyyat və siyasət bəşəriyyətə bioloji yoxsulluq həddindən çıxış qapısı açdı. Bu gün baş verən kütləvi aclıqlar artıq istisnadır və siyasi səbəblərlə bağlıdır. Əgər Suriya, Sudan və ya Somalidə insanlar aclıqdan ölürsə bu, bunu istəyən siyasətçilərin günahıdır. Bir zamanlar aclıqdan qovrulan Çin... “Böyük Sıçrayış” hərəkatı zamanı milyonlarla insan qıtlıqdan öldü. 1974-cü ildə Dünya Qida Konfransında Çinlə bağlı qiyamət ssenariləri danışılırdı. Ekspertlər deyirdi ki, Çin öz əhalisini doyura bilməyəcək. Amma əksinə oldu, Çin iqtisadi möcüzəyə imza atdı. Bu gün yüz milyonlarla çinli hələ də çətinlik çəkir, amma Çin artıq aclıqdan qurtulub. İroniyaya baxın, Beverli-Hillsin zənginləri salat və tofu ilə qidalanarkən, kasıblar cips, hamburger, pizza yeyir. 2014-cü ilin statistikasına görə, 2,1 milyard insan artıq çəkidən əziyyət çəkirdi, cəmi 850 milyon insan isə pis qidalanmışdı. Proqnozlara görə, 2030-cu ilə qədər dünyanın yarısı artıq çəkili olacaq. 2010-cu ildə aclıq 1 milyon insanı apardısa, obezlik 3 milyon insanın həyatına son qoydu.

Viruslar

1340-cı illərdə Şərqi və Orta Asiyada ortaya çıxan “Qara Ölüm”, Yersinia pestis bakteriyasının törətdiyi və siçanlar vasitəsilə yayılan dəhşətli epidemiya, Avrasiyanın 25 faizindən çoxunu yox etdi. 75–200 milyon insan həyatını itirdi. İngiltərədə hər 10 nəfərdən 4-ü öldü, Florensiya isə əhalisinin yarısını itirdi. Və bu, hələ son deyildi... Amerika və Avstraliya qitələri Avropa tədqiqatçılarının gətirdiyi xəstəliklər nəticəsində əsl soyqırımla üzləşdi. Yerli xalqların 90 faizi məhv oldu. 1520-ci ildə Kuba sahillərindən gələn 900 nəfərlik bir ispan donanması, sadəcə əsgər, at və silah yox, çiçək virusu da daşıyırdı.

Yerlilər bu bəlaları tanrıların qəzəbi və ya ağ adamların magiyası kimi başa düşürdülər. Amma nəticə ağır oldu: Tenoçtitlan şəhərinə epidemiya daxil olduqdan sonra, iki ay ərzində Astek imperatoru da daxil olmaqla əhalinin üçdə biri öldü. 22 milyonluq Meksika bir neçə ay sonra 14 milyona düşdü, 1580-ci ildə isə 2 milyonun altına endi. İspanlar burada dayanmadı. Sonrakı illərdə qrip, qızılca və başqa xəstəliklər çökən imperiyanın sonunu gətirdi. Hətta Havay adaları da Avropanın xəstəlik dalğasından yaxa qurtara bilmədi. 1778-ci ildə Kapitan Ceyms Kukun gəlişi ilə qrip, vərəm, sifilis yayıldı. Daha sonrakı illərdə tif və çiçək də gəldi. 500 minlik əhali 1853-cü ildə 70 minə düşdü. İki əsr sonra, 18 yanvar 1778-ci ildə britaniyalı səyyah Ceyms Kuk Havay adalarına gəlib çıxdı. Havayda əhali sıx idi, yarım milyon insan Avropa və Amerikadan tamamilə təcrid olunmuş şəkildə yaşayırdı. Bu səbəbdən də həmin insanlar Avropa və Amerikada yayılmış xəstəliklərlə heç vaxt qarşılaşmamışdılar. Kapitan Kuk və onun adamları Havay adalarını qrip, vərəm və sifilis kimi xəstəliklərlə tanış etdilər. Onlardan sonra gələn digər avropalılar isə tif və çiçək xəstəliklərini də bu siyahıya əlavə etdilər. Nəticədə, 1853-cü ildə Havayda cəmi 70 min nəfər insan sağ qala bilmişdi.

1918-ci ilin yanvarında Fransanın şimalındakı səngərlərdə minlərlə əsgər “ispan qripi” adlanan, dərmanlara qarşı müqavimət göstərən bir virus növündən həyatını itirdi. Bu epidemiya bir ildən də az bir müddətdə 50-100 milyon arasında insanın ölümünə səbəb oldu. Halbuki 1914-1918-ci illərdə davam edən Birinci Dünya müharibəsində 40 milyon insan ölmüşdü. İmmuniteti inkişaf etməmiş uşaqlar xüsusilə həssas olduqları üçün belə xəstəliklər çox vaxt “uşaq xəstəlikləri” adlandırılır. XX əsrin əvvəllərinə qədər uşaqların təxminən üçdə biri qida çatışmazlığı və müxtəlif xəstəliklər səbəbilə yetkinlik yaşına çatmadan ölürdü. Çiçək əleyhinə həyata keçirilən qlobal peyvənd kampaniyası o qədər uğurlu oldu ki, 1979-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyin kökünün kəsildiyini elan etdi. Bu, insanlığın tamamilə yox edə bildiyi ilk yoluxucu xəstəlik idi. 1967-ci ildə 15 milyon insan çiçəyə yoluxmuş və onlardan 2 milyonu həyatını itirmişdi. Lakin 2014-cü ilə gəldikdə bu xəstəlikdən heç bir iz qalmamışdı. Qələbə o qədər tam və qəti idi ki, bu gün ÜST çiçək xəstəliyinə qarşı peyvənd vurulmasını belə dayandırıb. Lakin zaman-zaman yenidən böyük bir epidemiya ilə üz-üzə qalacağımıza dair narahatlıqlar da qalır. Məsələn, 2002-2003-cü illərdə SARS, 2005-ci ildə quş qripi, 2009-2010-cu illərdə donuz qripi və 2014-cü ildə Ebola epidemiyası zamanı olduğu kimi. Ancaq bu hallarda da vaxtında görülən tədbirlər sayəsində nisbətən az sayda insan itkisi ilə bu epidemiyaların qarşısı alındı.

Son illərin ən ciddi tibbi böhranlarından biri hesab edilən QİÇS faciəsində belə müəyyən irəliləyişlər müşahidə olunur. 1980-ci illərdən bəri 30 milyondan çox insan bu xəstəlikdən vəfat edib, on milyonlarla insan fiziki və psixoloji əzablar çəkib. QİÇS-in diaqnostikası və müalicəsi uzun illər çətin olmuşdu, çünki bu xəstəlik həm unikal, həm də gizli şəkildə yayılırdı. Məsələn, çiçək xəstəliyinə yoluxan bir insan bir neçə gün ərzində ölə bilərdi, lakin HİV virusuna yoluxmuş şəxs aylarla, hətta illərlə xəstəlik əlaməti göstərmədən yaşayır və bu müddətdə başqalarına da xəstəliyi yoluxdura bilirdi. Ən təhlükəlisi isə odur ki, HİV virusu insanı birbaşa öldürmür; onun yerinə immun sistemini sıradan çıxararaq orqanizmi başqa xəstəliklər qarşısında müdafiəsiz buraxır. Nəticədə xəstələr sətəlcəm və ya xərçəng kimi digər xəstəliklərdən dünyasını dəyişirlər. Beləliklə, QİÇS yayılmağa başlayanda onun nə olduğunu anlamaq çox çətin idi. 1981-ci ildə Nyu-Yorkdakı xəstəxanaya gətirilən iki xəstədən biri sətəlcəmdən, digəri isə xərçəngdən ölürdü. Amma hər ikisi aylar, bəlkə də illər öncə HİV virusuna yoluxmuşdu və bu fakt hələ heç kimə məlum deyildi. Bütün dəhşətli nəticələrinə baxmayaraq, QİÇS və malyariya kimi yoluxucu xəstəliklər artıq bəşəriyyət üçün əvvəlki minilliklərdə olduğu qədər böyük təhlükə yaratmır. Bu gün insanların çoxu infeksion deyil, xroniki xəstəliklərdən, xərçəngdən, ürək xəstəliyindən və ya sadəcə yaşlılıqdan ölür. (Əslində xərçəng və ürək xəstəliyi yeni deyil, bu xəstəliklər qədim dövrlərdə də mövcud idi. Sadəcə, o zaman insanlar bu qədər uzun ömür sürmürdü ki, həmin xəstəliklər özünü göstərsin.)

Günümüz vəziyyət

2015-ci ildə həkimlər Teixobactin adında tamamilə yeni bir antibiotik növünün aşkarlandığını elan etdilər. Bu dərman, indiyə qədər bakteriyaların müqavimət göstərə bilmədiyi nadir vasitələrdən biridir. Bəzi alimlər Teixobactinin çox güclü müqavimətə malik mikroblara qarşı da təsirli olacağına inanırlar. Həkimlər bu gün yeni xəstəlikləri sürətlə müəyyən edib müalicə edə bilən texnologiyalara sahibdirlər. Lakin bu texnologiyalar eyni zamanda ordu və terrorçuların süni və olduqca təhlükəli xəstəliklər yaratmaq imkanlarını da genişləndirir. Ona görə də bəzi ekspertlər hesab edirlər ki, gələcəkdə insanlığı təhdid edən böyük epidemiyalar daha çox təbiətin deyil, ekstremist ideologiyalara xidmət edən insanların əsəri olacaq. Görünür ki, bəşəriyyətin təbii epidemiyalar qarşısında aciz qaldığı dövr artıq geridə qalıb. Amma ironiya ondadır ki, bir gün həmin “təbii” epidemiyaların dövrünə həsrətlə baxa bilərik. Ən azı keçmişdə düşmən gözlə görünən, öz izlərini bədəndə açıq-aşkar buraxan və səbəbi aydın olan xəstəliklər idi. İndi isə xərçəng və depressiya kimi görünməyən, lakin ölümcül və ya iflicedici nəticələr doğuran xəstəliklərlə mübarizə aparmaq məcburiyyətindəyik. Bu xəstəliklərə qarşı bir çox hallarda dəqiq profilaktika və ya tam təsirli müalicə üsulu mövcud deyil. İnsanlar artıq bakteriyalardan və viruslardan çox, daxildən gələn və ya psixoloji kökləri olan xəstəliklərin qurbanına çevriliblər. Bundan əlavə, tibbin özündə də yeni dilemmlar yaranır. Gen mühəndisliyi texnologiyası inkişaf etdikcə, xəstəliklərin qarşısını almaqla bərabər, insan həyatının genetik səviyyədə manipulyasiyası da mümkün olur. Bu isə etik və sosial baxımdan suallar doğurur: insanın genlərini dəyişərək onu xəstəliklərə qarşı dayanıqlı etmək nə dərəcədə düzgündür ? Harada tibbi ehtiyac, harada isə genetik ayrıseçkilik başlayır ? Bütün bu suallar müasir tibb elminin yalnız texniki deyil, həm də fəlsəfi bir sahəyə çevrildiyini göstərir. Artıq məsələ sadəcə insanları sağaltmaqdan ibarət deyil; hansı cəmiyyət qurmaq istədiyimiz, hansı dəyərləri qoruyacağımız və gələcək insan nəslinin hansı xüsusiyyətlərə sahib olmalı olduğu sualları da bu sahənin bir hissəsinə çevrilib. İnsan orqanizmini təmir etmək və gücləndirmək imkanlarımız artdıqca, bəşəriyyət xəstəliklərdən azad bir dünya arzusu ilə texnologiyanın sərhədlərini genişləndirir. Lakin bu genişlənmə ilə paralel olaraq, yeni məsuliyyətlər, yeni təhlükələr və yeni narahatlıqlar da yaranır.

0
Subscribe to my newsletter

Read articles from Jonathan directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.

Written by

Jonathan
Jonathan

Tarix üzrə ixtisaslaşmışam. Fəlsəfə və din araşdırmaçısıyam.