Müasir dövrdə müharibə

Table of contents

Müharibə
Tarix boyu insan cəmiyyəti müharibəni sanki təbii, qaçılmaz bir hadisə kimi qəbul edib, sülhü isə müvəqqəti, zəif dayaq hesab edib. Dövlətlər arasında münasibətlər, meşə qanunlarına bənzər şəkildə, güc və zorakılıq üzərində qurulub. Hər zaman unudulmurdu ki, barış olsa belə, müharibə həmişə qapıdadır. 1913-cü ildə Almaniya ilə Fransa arasında sülh hökm sürürdü, amma 1914-cü ildə onların bir-birinin qanına qəltan edə biləcəyi bütün dünyaya məlum idi. Bu, siyasətçilərin, generalların və sadə vətəndaşların gələcəyə müharibə ehtimalı ilə hazırlaşmasının əyani nümunəsidir. Qədim dövrlərdə insanların təxminən 15 faizi zorakılıq səbəbindən ölürdüsə, bu rəqəm 20-ci əsrdə 5 faizə, müasir dövrdə isə 1 faizə qədər azalıb. 2012-ci ildə dünyada həyatını itirən 56 milyon insanın yalnız 620 mini zorakılıq, müharibə və cinayətlər nəticəsində həlak olmuşdu. Buna qarşılıq, 1,5 milyon insan şəkər xəstəliyindən, 800 min nəfər isə intihar nəticəsində həyatını itirmişdi. Bu faktlar göstərir ki, müharibə artıq insan həyatına ən böyük təhlükə deyildir. Hətta deyə bilərəm ki, intihar gözə görünməyən müharibə olaraq ənənəvi fiziki müharibədən daha təhlükəli hal alıb. Nüvə silahları dövrümüzdə qlobal müharibənin mümkünlüyünü kütləvi intihara çevirərək dövlətləri münaqişələri dinc yolla həll etməyə məcbur edir. Yeni zənginlik mənbəyi artıq qızıl və neft kimi təbii sərvətlər deyil, bilikdir. Bu yeni reallıqda bilik iqtisadiyyatın əsas dayağına çevrilib, müharibələr isə daha çox xam materiallara əsaslanan, zəif iqtisadiyyatlı regionlara xasdır. Məsələn, 1998-ci ildə Ruandanın qonşu Konqodan koltan mədənlərini qarət etməsi iqtisadi baxımdan məntiqli idi, çünki mobil telefonların istehsalında istifadə olunan koltan ehtiyatlarının 80 faizi məhz Konqoda idi. Lakin Çinin Kaliforniyada Silikon vadisini işğal etməsi absurd görünür, çünki orada silisium mədənləri yoxdu, Çin isə texnologiyanı satın almaqla daha çox qazanc əldə edir. Bugünkü dünyada sülh yalnız müharibənin sadəcə dayandığı an deyil, həm də müharibənin mənasızlığı kimi qəbul edilir. 1913-cü ildə Almaniya və Fransa arasında sülh müvəqqəti idi; bu gün isə nüvə gücünə malik dövlətlər arasında belə bir müharibə demək olar ki, mümkün deyil. Ancaq Yeni Sülhün əbədiliyinə zəmanət yoxdur. Kiber müharibələr kimi yeni müharibə formaları, kiçik ölkələrə və qeyri-dövlət aktorlarına güclülərlə bərabər rəqabət aparmaq imkanı verərək dünya nizamını sarsıda bilər. Bu yeni dövrdə, bacarığı niyyətlə qarışdırmamaq həyati önəmlidir. Kiber müharibə potensialı olsa da, hər zaman onun istifadəsi üçün stimul olmayacaq. Son yetmiş ildə bəşəriyyət həm “meşə qanunlarını”, həm də Anton Çexovun “pyesin birinci səhnəsində görünən silah üçüncü səhnədə atəş açmalıdır” qanununu pozub, dünyamız atılmamış “bombalar”la doludur. Bu qanunlar yenidən işləməyə başlayanda, bu, bizim ən böyük səhvlərimizdən olacaq.
Terrorizm
Terrorizm isə öz gücünü deyil, zəifliyini göstərir. O, böyük ordulara qalib gəlmək gücündə deyil, sadəcə qorxu teatrı oynayır. 2010-cu ildə piylənmə səbəbindən 3 milyon insan həyatını itirərkən, terror aktları nəticəsində ölənlərin sayı 7,697 nəfər idi. Bu, orta amerikalı üçün “Coca-Cola” markasının “Əl-Qaidə”dən daha böyük təhlükə olduğunu göstərir. Terrorçular, çini qabları dağıdan milçəyə bənzəyir: öz gücü ilə böyük zərbə vura bilməz, amma onların vızıldaması, qorxu yaratması, böyük öküzləri, yəni böyük güc dövlətlərini panikaya sala bilir. 11 sentyabr hadisələri də məhz belə bir hadisə idi; radikal islamçılar böyük dövlətlərlə rəqabət apara bilməsələr də, bu hadisə vasitəsilə dünya səhnəsində çox böyük təsir göstərdilər. Ancaq indi, o dağıntıların içindən daha təhlükəli və mürəkkəb problemlər çıxmaqdadır. Bəzi şəxslər 2016-cı ilin 1916-cı ildən fərqli olmadığını iddia edərək, keçmişin məğlubiyyətçi baxışlarını təkrar edir. Halbuki 20-ci əsrin böyük tibbi, iqtisadi və sülh nailiyyətlərini gözardı etmək düzgün deyil. Əks halda niyə bu istiqamətlərdə əzmlə çalışırıq ?
Bu günkü vəziyyət
İndiki ən böyük sınaq isə bəşəriyyəti və planetimizi öz yaratdığı təhlükələrdən qorumaqdır. Ekonomik tərəqqi ilə aclıq, epidemiyalar və müharibələr nəzarət altına alınsa da, eyni inkişaf ekoloji tarazlığı pozur. Qlobal istiləşmə və iqlim dəyişikliyi kimi problemlər qarşısında insanlıq hələ kifayət qədər hazırlıqlı deyil. Şirkətlər isə çox zaman qısa müddətli iqtisadi mənfəəti üstün tuturlar. Halbuki uzunmüddətli baxış tələb edir ki, biz planetin gələcəyini qurban vermədən inkişaf yolları axtaraq. Sürətli sənayeləşmə, meşələrin qırılması, fosil yanacaqların yandırılması və plastik tullantıların artması Yer kürəsini geri dönməz fəlakətlərə doğru sürükləyə bilər. Bu, təkcə qütb ayıları və Amazon meşələri üçün deyil, həm də milyonlarla insanın yaşayış şəraiti üçün təhlükə yaradır. Ekoloji problemlər artıq lokal məsələ deyil; bu, qlobal təhlükədir və bütün insanlığın birgə məsuliyyətidir. Artıq yeni bir yanaşma zəruridir: təkcə iqtisadi inkişafı deyil, həm də gələcək nəsillərin yaşamaq hüququnu qorumağı hədəfləyən "davamlı inkişaf" anlayışı. Davamlı inkişaf modeli bəşəriyyətə həm rifah, həm də ekoloji harmoniya vəd edir. Bunu reallaşdırmaq üçün isə texnologiyanı sadəcə qazanc vasitəsi kimi deyil, həm də planetin qorunması üçün alət kimi istifadə etməyi öyrənməliyik. Bu gün qarşılaşdığımız problemlərin əksəriyyəti, istər ekoloji, istər texnoloji, istərsə də siyasi olsun, artıq xarici düşmənlərdən yox, öz gücümüzdən qaynaqlanır. Ən böyük təhlükə artıq başqaları deyil, özümüzük. Bu, həm narahatedici, həm də ümidverici reallıqdır. Çünki bu o deməkdir ki, vəziyyəti düzəltmək də bizim əlimizdədir. Nəticə etibarilə, tarix boyu meşə qanunları ilə idarə olunan bəşəriyyət bu gün öz potensialının zirvəsindədir. Biz daha ağıllı qərarlar verə, daha mərhəmətli sistemlər qura və daha sabit bir gələcək inşa edə bilərik, əgər öz səhvlərimizi tanıyıb, onlardan nəticə çıxarsaq. Əks halda, tarix bir daha təkrarlanacaq, lakin bu dəfə bəlkə də sonuncu dəfə.
Subscribe to my newsletter
Read articles from Jonathan directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.
Written by

Jonathan
Jonathan
Tarix üzrə ixtisaslaşmışam. Fəlsəfə və din araşdırmaçısıyam.