Kişi və qadın

JonathanJonathan
15 min read

Tarixnın dərinliyində müxtəlif camaatlar özlərinə aid, təsəvvür məhsulu saysız-hesabsız iyerarxiyalar düzəldiblər. İndi amerikanlar üçün həyati önəmli sayılan irq anlayışı, orta əsr müsəlmanları üçün elə də gözəçarpan deyildi. Hindistanda kasta sistemi ölüm-qalım xətlərini cızırdısa, müasir Avropada bunun adı belə çəkilmir. Amma demək olar ki, bütün insan cəmiyyətlərində köklü oturuşmuş bir iyerarxiya var, gender iyerarxiyası (İndi biri deyəcək ki, niyə birinci kişi sonra qadın yazmısan. Tamam sakit ol, həmin insan. Olsun qadın və kişi). İnsanlar, özlərini kişi və qadın kimi təsnif ediblər, ən azından Aqrar İnqilabdan bəri kişilərin “üstün” titulunu kiməsə verməyiblər. Eramızdan əvvəl 1200-cü illərdəki Çin fal sümüklərindən birində yazılıb: “Hao xanımın doğumu xeyirli olacaqmı?” Cavab: “Dinq günündə xeyirli, genq günündə çox xeyirli olacaq.” Amma tale elə gətirdi ki, Hao xanım ciayin günündə doğdu – “Bədbəxtlik! Qız idi.” Üç min il sonra da, Mao dönəmində “bir uşaq” siyasəti işə düşəndə belə, qız uşağı uğursuzluq sayılırdı. Bəziləri yenidən oğul ummaq üçün doğulan qızları ya təbiətin ixtiyarına buraxır, ya da qəddarcasına… öldürürdü. Qadınlar çox cəmiyyətdə kişinin “malı” sayılır, atalarının, ərinin və ya qardaşının ixtiyarına buraxılırdı. Təcavüz də cinayət yox, mülkiyyət hüququnun pozulması sayılırdı, zərərçəkən qadın yox, onun sahibi kişi. Qanunun Təkrarı 22:28-29-da deyilir: “Kişi nişanlı bakirə qızı zorla tutub yatsa, əgər tutulsa, ataya əlli gümüş şekel gümüş pul verməlidir və qız onun arvadı olacaq.” Qədim ibranilər bunu normal hesab edirdilər. Sahibinin olmayan qadına təcavüz etmək isə cinayət sayılmırdı, guya küçədə tapılmış pul kisəsini götürmək kimi. Arvadına təcavüz­ün mövzusu isə elə absurd idi ki, ərin arvadına başqa cür yanaşması ağla gəlməzdi. Bu gözləntilər təkcə qədim Şərqə aid deyil, 2006-cı ildə hələ də 53 ölkədə ərin həyat yoldaşına təcavüzü qanuni saymırdılar. Almaniya da yalnız 1997-ci ildə evlilik içində təcavüzü cinayət kateqoriyasına saldı. Bəs bu kişilərlə qadınlar arasındakı sərt sədd, Hindistan kastası və Amerikadakı irq ayrı-seçkiliyi kimi uydurmadır, yoxsa dərin bioloji fərqdir ? Əgər doğrudan təbii fərqdirsə, niyə kişilər həmişə daha üstün olub ? Əlbəttə, bəzi mədəni və hüquqi ayrılıqlar açıq bioloji fərqlərdən gəlir, uşaq daşımaq qadınların özünə məxsusudur. Amma hər cəmiyyət bu bioloji həqiqət üzərinə saysız mədəni qaydalar, normalar yığır. Kefimizə görə “kişilik” və “qadınlıq” anlayışlarına heç bir elmi əsası olmayan öhdəliklər yükləyirik. Məsələn, eramızdan əvvəl V əsr Afinasında uşaqlı olmaq insanı hüquqdan məhrum edir, ictimai yığıncaqlarda söz deməyə imkan vermirdi. Bu insanlara təhsil, iş və fəlsəfi söhbətlər qadağan idi. Yunan filosofları, sənətkarları uşaqsız olsa da böyük işlər görürdü. Bu gün isə Afinada qadınlar səs verir, dövlət vəzifəsinə seçilir, universitetdə oxuyur, uşaqlıqları onların iradəsini heç cür zəiflətmir. Amma hələ də bəziləri elə bilir ki, “əsl” kişi yalnız qadına qarşı seksual hiss keçirəndə kişidir və homoseksuallıq “qeyri-təbii”dir. Amma təbiət bizim kimə aşiq olmağımızla maraqlanmır. Antik yunanlar homoseksuallığı qanuni və dəyərli sayırdı. “İliada”da Axilleslə Patrokll arasındakı bağlıq heç kəsin gözünü kor etmirdi. Olimpiada və İskəndər kimi qüdrətli şəxslərin həyatında da eyni cins arasında məhəbbət normal idi. Bəs nəyin doğrudan biologiyanın tələbi, nəyin mədəni mif olduğunu ayırd edək ? Cavab: “Biologiya imkan verir, mədəniyyət məhdudlaşdırır.” Biologiya saysız ehtimallara qapı açır, cəmiyyət onların üzərinə qadağalar, məhdudiyyətlər tikir. Qadınlara uşaq doğmağı məcbur edirsən; cinsi zövq üçün qadağalar qoyursan.

“Qeyri-təbii” dediyimiz şeylər əslində yalnız mədəni əfsanələrdir. Xristian teologiyasına görə “təbii” Tanrının niyyətinə uyğundur, amma təkamülün məqsədi yoxdur. Orqanlar funksiyalar üçün təkamül edir, sonra ya da dəyişir, ağız yemək üçün yaranıb, indi danışmaq, öpüşmək, əl bombasının pimini çəkmək üçün də istifadə olunur! Qanadlar əslində günəş enerjisi toplamaq istəyinin təsadüfüdür. O günə qədər “günəş paneli” çıxıntıları sayəsində bədənini isidən həşəratlar nəhayət süzülmə qabiliyyəti qazanıb. Bu, təbiətin möcüzəsidir, yoxsa “qeyri-təbii” hərəkətdir ? Eyni şey cinsi orqanlara da aiddir – seks nəsil artırmaq üçün təkamül edibsə də, heyvanlarda siyasi ittifaqlar, sos­ial bağlar, stressin azalması üçün də istifadə olunur; məsələn, şimpanzelər sekslə ittifaq bağlayır, qrup içi gərginliyi azaldır. İndi sizdən soruşuram, bu, “qeyri-təbii” deyilmi yəni ?

Bir qadının təbii funksiyasının uşaq doğmaq olduğunu və homoseksuallığın təbii sayılmadığını iddia etməyin, bu səbəbdən ciddi bir mənası yoxdur. Çünki kişi və qadın anlayışlarını müəyyən edən qanunlar, normalar, hüquqlar və öhdəliklərin əksəriyyəti bioloji reallıqlardan çox insan təxəyyülünü əks etdirir. Bioloji baxımdan insanlar kişi və qadın olaraq ayrılır. Homo sapiens növündə bir X və bir Y xromosomu olan fərd kişi, iki X xromosomu olan isə qadın sayılır. Amma “kişi” və “qadın” anlayışları bioloji deyil, sosial kateqoriyalardır. Hər nə qədər dünyanın əksər insan cəmiyyətlərində kişilər kişilər, qadınlar da qadınlar kimi qəbul edilsə də, bu sosial anlayışlar biologiya ilə zəif əlaqəli çoxsaylı məna qatlarını ehtiva edir. Bir insan yalnız XY xromosomlarına, testislərə və bol miqdarda testosterona sahib olduğu üçün Sapiens sayılmır; o, daha çox, yaşadığı cəmiyyətin qurduğu xəyali insan düzəninin bir hissəsidir. Mədəniyyətinin yaratdığı miflər ona müəyyən kişiyə xas rollar (məsələn, siyasətə qatılmaq), hüquqlar (səs vermək) və öhdəliklər (orduya çağırılmaq) yükləyir. Eynilə, bir qadın da sadəcə iki X xromosomuna, uşaqlığa və estrogen hormonuna sahib bir canlı olmaqla məhdudlaşmır. O da eyni şəkildə xəyali bir insan düzənində “dişi fərd” rolunu oynayır. Cəmiyyətin yaratdığı miflər ona da qadına xas sayılan müəyyən rollar (uşaq böyütmək kimi), hüquqlar (zorakılığa qarşı qorunmaq kimi) və vəzifələr (ərinə itaət etmək kimi) bəxş edir. Bu səbəbdən kişi və qadın anlayışlarını, onların rollarını və hüquqlarını bioloji faktorlar deyil, mifik təsəvvürlər müəyyən etdiyi üçün “kişilik” və “qadınlıq” anlayışları bir cəmiyyətdən digərinə olduqca fərqli formalarda təzahür edir. Bütün bu qarışıqlığı daha aydın göstərmək üçün alimlər bioloji bir kateqoriya olan “cinsiyyət” ilə mədəni bir kateqoriya olan “toplumsal cinsiyyət”i bir-birindən ayırırlar. Cinsiyyət, kişi və qadın arasında fərqlər əsasında müəyyən edilir və bu fərqlər tarix boyunca sabit qalmışdır. Toplumsal cinsiyyət isə kişi və dişi anlayışları ətrafında formalaşır (bəzən bəzi mədəniyyətlər bu ikisindən fərqli kateqoriyalar da tanıyır). “Kişiyə xas” və “qadına xas” xüsusiyyətlər fərdlərə görə dəyişir və daim yenilənir. Məsələn, qədim Afinanın qadınlarından gözlənilən davranışlar, arzular, geyimlər və hətta bədən duruşları ilə müasir Afinanın qadınlarına yönəlik gözləntilər arasında olduqca böyük fərqlər mövcuddur. Cinsiyyət, belə baxanda bir uşaq oyunudur, toplumsal cinsiyyət isə ciddi bir məsələ. Kişi olmaq dünyada ən sadə işdir; yalnız bir X və bir Y xromosomu ilə doğulmaq kifayətdir. Qadın olmaq da eyni dərəcədə sadədir, iki X xromosomu yetərlidir. Amma kişi və ya qadın kimi yaşamaq , çox ciddi və mürəkkəb bir məsələdir. Kişi və qadınla əlaqələndirilən xüsusiyyətlərin əksəriyyəti bioloji deyil, mədəni mahiyyət daşıyır; heç bir cəmiyyət hər XY xromosomlu fərdi avtomatik olaraq “kişi”, hər XX xromosomlu fərdi də “qadın” saymaz. Üstəlik, bu status bir dəfə qazanıldıqdan sonra əbədi olaraq da davam etməz. Kişilər kişiliklərini həyat boyu ardıcıl performanslar, mərasimlər və rituallar vasitəsilə durmadan sübut etmək məcburiyyətində qalırlar. Qadınlar üçün də vəziyyət fərqli deyil, daim həm özlərini, həm də ətrafdakıları kifayət qədər “qadınsı” olduqlarına inandırmaq məcburiyyətindədirlər.

Üstəlik, bütün bu səylərin müvəffəqiyyətlə nəticələnəcəyinə dair heç bir zəmanət yoxdur. Xüsusilə də kişilər, öz kişi olduqlarına dair iddialarının əsassız çıxmasından dərin bir qorxu ilə yaşayırlar. Tarix boyu saysız-hesabsız kişi yalnız “tam bir kişi” sayılmaq uğrunda həyatını risqə atıb, hətta bu yolda onu fəda edib. Ən azından Təsərrüfat İnqilabından bəri, insanların çoxunu təşkil edən cəmiyyətlərin əksəriyyəti kişiləri qadınlardan daha üstün sayan patriarxal (ataerkil) cəmiyyətlər olmuşdur. Bir cəmiyyət “qadın” və “kişi”ni necə tərif edirsə etsin, kişi olmaq həmişə daha üstün və imtiyazlı mövqe kimi qəbul olunmuşdur. Patriarxal cəmiyyətlər kişiləri kişiyə xas şəkildə düşünmək və davranmaq, qadınları isə qadına xas şəkildə düşünmək və davranmaq üçün yetişdirir və bu sərhədlərin xaricinə çıxanları cəzalandırır. Digər tərəfdən, bu qaydalara əməl edənlər eyni şəkildə mükafatlandırılmazlar. Ən qədim zamanlardan bəri kişiyə xas xüsusiyyətlər qadına xas xüsusiyyətlərdən daha çox təqdir edilmiş və mükafatlandırılmışdır. Cəmiyyətin qadına xas idealına uyğun gələnlər, kişiyə xas ideallara uyğun gələnlər qədər mükafatlandırılmamışdır. Qadınların sağlamlığı və təhsili üçün daha az resurs ayrılmış, onların iqtisadi imkanları daha az olmuş, siyasi gücləri daha zəif olmuş, hərəkət azadlıqları isə daha çox məhdudlaşdırılmışdır. Toplumsal cinsiyyət, bəzilərinin ancaq bürünc medal uğrunda yarışa bildiyi bir yarış olmuşdur. Tarix boyunca bəzən qadınlar da liderlik mövqelərinə çata bilmişlər: Misirdə Kleopatra, Çində imperatorluq edən Vu Zetian (miladi 700-cü il), İngiltərədə I Yelizaveta və Osmanlı İmperatorluğunda Kösem Sultan (1590–1651). Kösem Sultan 1623–1632-ci illər arasında oğlu IV Muradın, daha sonra isə 1648–1651-ci illər arasında nəvəsi IV Mehmedin uşaq yaşlarında taxtda olduğu dövrdə Osmanlı taxtının naibi olmuşdur. Naib olaraq, imperatorluğun praktik idarəçisi idi və Divan iclaslarına bir pərdənin arxasından qatılardı. Lakin bu cür istisnalar əslində ümumi meylin nə olduğunu sübut edir. Kösem Sultanın naibliyi dövründə belə, Divan üzvlərinin hamısı, bütün generallar, donanma komandirləri, qazilər, üləmalar, eləcə də demək olar ki, bütün yazarlar, memarlar, şairlər, filosoflar, rəssamlar və alimlər kişi idi. Demək olar ki, bütün kənd təsərrüfatı və sənaye cəmiyyətlərində norma halına gəlmiş patriarxallıq çoxlu sayda siyasi çaxnaşmaları, ictimai inqilabları və iqtisadi dəyişiklikləri sağ-salamat adlamışdır. Məsələn, Misir yüz illər boyunca saysız-hesabsız dəfə işğal edilmişdir: Assurlar, farslar, makedoniyalılar, romalılar, ərəblər, məmlüklər, türklər və ingilislər tərəfindən; lakin cəmiyyət hər zaman patriarxal olmuşdur. Misirdə firon, yunan, Roma, Osmanlı və İngilis qanunları ilə idarə olunan dövrlərin hər birində “əsl kişi” olmayan fərdlərə qarşı hüquqi ayrı-seçkilik mövcud olmuşdur. Universal xarakter daşıdığı mübahisəsiz olan patriarxallığın təsadüfi vəziyyətlərdən qaynaqlanan uğursuz bir dövrün nəticəsi ola bilməyəcəyi aydındır. Amerika ilə Afrika-Asiya qitəsindəki cəmiyyətlər arasında minilliklər boyu əlaqə olmamış olsa da, 1492-ci ildən əvvəl bu cəmiyyətlərin də əksəriyyətinin patriarxal olması xüsusilə diqqət çəkir. Əgər patriarxallıq Afrika-Asiyada tarixi bir təsadüf nəticəsində meydana gəlmişdisə, o zaman Asteklər və İnklərdə niyə patriarxal quruluş var idi ? “Kişi” və “qadın” anlayışları mədəniyyətlərə görə fərqli şəkillərdə formalaşsa da, bütün mədəniyyətlərin kişi anlayışını qadın anlayışından üstün tutması, bunun universal bioloji bir səbəbinin olması ehtimalını artırır. Lakin bu səbəbin nə olduğu bilinmir. Çoxsaylı nəzəriyyələr mövcuddur, amma bunların heç biri inandırıcı deyil. Bu da elə…

Cəmiyyətdə dərin kök salmış bir fikir var: kişi qadından fitrətən güclüdür və bu üstünlüyü ilə də onu əsrlər boyu özünə tabe etmişdir. Hətta bu fikrin bir qədər də pərdələnmiş variantı iddia edir ki, kişilər torpaq şumlamaq, məhsul yığmaq kimi ağır fiziki işlərdə həmişə dominant olublar. Bu da onlara qida istehsalı üzərində nəzarət imkanı verib və nəticədə siyasi gücü də öz əllərində cəmləşdiriblər. Lakin bu "qol gücü" arqumentinin üzərində bir az dayandıqda, onun nə qədər əsassız olduğu üzə çıxır. Əvvəla, "kişilər qadınlardan güclüdür" mülahizəsi yalnız ümumi ortalamalara əsaslanır və "güc" dedikdə nəyi nəzərdə tutduğumuzdan çox asılıdır. Qadınlar aclığa, xəstəliklərə və yorğunluğa qarşı kişilərdən adətən daha dözümlüdürlər. Üstəlik, kişilərdən daha cəld qaça bilən, onlardan daha ağır yükləri qaldırmağa qadir olan saysız-hesabsız qadın var. Və bu nəzəriyyə üçün ən acınacaqlısı odur ki, tarix boyu qadınlar nəinki kahinlik, hüquqşünaslıq, siyasət kimi heç bir fiziki qüvvət tələb etməyən sahələrdən kənarlaşdırılıb, əksinə, bir çox hallarda ən ağır fiziki işləri görməyə məcbur ediliblər. Əgər cəmiyyətdəki güc bölgüsü həqiqətən də fiziki qüvvətə və ya dözümlülüyə əsaslansaydı, yəqin ki, qadınlar indi olduğundan qat-qat artıq söz sahibi olardılar. Daha da önəmlisi, insan cəmiyyətində fiziki güclə sosial status arasında birbaşa, səbəb-nəticə əlaqəsi heç də həmişə mövcud deyil. Məsələn, gənclər yaşlılardan fiziki cəhətdən qat-qat güclü olsalar da, adətən yaşlı nəsil gənclərə nisbətən daha çox hörmət və nüfuza malik olur. Təsəvvür edin, XIX əsrdə Alabamada yaşayan orta statistik bir plantasiya sahibi, öz pambıq tarlalarında çalışan istənilən kölə tərəfindən bir neçə saniyə ərzində yerə yıxıla bilərdi. Amma kimin kimə tabe olduğu göz qabağındadır. Fironları və ya xəlifələri seçmək üçün boks yarışları keçirilmirdi, elə deyilmi ? Hətta ovçu-toplayıcı cəmiyyətlərdə belə, liderlik çox vaxt ən güclü biləyə deyil, ən iti ağıla və sosial bacarıqlara malik olan şəxsə nəsib olurdu. Mütəşəkkil cinayətkar dəstələrində də "boss" heç də həmişə ən güclü adam olmur; əksinə, o, adətən öz gücünü nadir hallarda nümayiş etdirən, "çirkli işləri" isə daha cavan və fiziki cəhətdən sağlam olanlara həvalə edən biridir. Bir dəstəyə başçılıq etmək üçün onun liderini döyməyin kifayət etdiyini düşünən şəxs, çox güman ki, bu səhvindən dərs çıxarmağa macal tapmayacaq. Hətta şimpanzelər arasında belə, "alfa kişi" statusu kor-koranə güc nümayişi ilə deyil, digər erkək və dişilərlə qurulan möhkəm ittifaqlar sayəsində əldə edilir.

Əslində, bəşər tarixi çox vaxt fiziki güclə sosial nüfuz arasında tərs mütənasiblik olduğunu göstərir. Əksər cəmiyyətlərdə ən ağır işlərin yükü aşağı təbəqələrin çiyinlərinə düşür. Bəlkə də bu, Homo sapiensin qida zəncirindəki mövqeyinin bir əksidir. Əgər hər şey yalnız fiziki bacarıqlarla ölçülsəydi, insan növü təbiət piramidasının yəqin ki, ortalarında bir yerdə qərar tutardı. Lakin məhz zehni və sosial qabiliyyətləri onu zirvəyə ucaldıb. Elə isə, insan növünün öz daxilindəki iyerarxiyanın da qaba gücdən daha çox, məhz bu zehni və sosial keyfiyyətlərlə müəyyənləşməsi tamamilə təbiidir. Bütün bunları nəzərə alsaq, tarixin ən davamlı və universal sosial iyerarxiyalarından biri olan patriarxatın sırf kişilərin qadınları fiziki güclə əzmək bacarığına söykəndiyini iddia etmək, yumşaq desək, çox sadəlövhlük olardı.

Başqa bir nəzəriyyə isə kişi dominantlığını güclə deyil, birbaşa təcavüzkarlıqla izah etməyə çalışır. Guya milyonlarla illik təkamül prosesi kişiləri qadınlara nisbətən daha aqressiv, daha "vəhşi" varlıqlara çevirib. Qadınlar kin, acgözlük və sui-istifadə kimi məsələlərdə kişilərlə bəlkə də yarışa bilərlər, amma iş fiziki zorakılığa gəldikdə, kişilər bu üsula qadınlardan qat-qat daha çox əl atırlar. Tarix boyu müharibələrin "kişi işi" sayılmasının səbəbi də elə budur. Müharibələrdə silahlı qüvvələrə nəzarət edən kişilər, zamanla mülki cəmiyyətin də hakiminə çevriliblər. Kişilər cəmiyyət üzərindəki bu nəzarətlərini daha çox müharibə etmək üçün istifadə ediblər, müharibələr çoxaldıqca da onların cəmiyyət üzərindəki hökmranlığı daha da artıb. Bu qapalı dövrə həm müharibənin, həm də patriarxatın niyə bu qədər hər yerdə və hər zaman mövcud olduğunu izah etməyə çalışır.

Qadın və kişilərin hormonal və idrak sistemləri üzərində aparılan son tədqiqatlar, həqiqətən də kişilərin daha aqressiv və zorakı davranışlara meyilli olduğunu, bu səbəbdən də hərbi xidmətə daha yararlı olduqları fərziyyəsini müəyyən qədər təsdiqləyir. Lakin döyüşənlərin sırf kişi olması, o deməkdirmi ki, müharibəni idarə edənlər və onun bütün nemətlərindən faydalananlar da mütləq kişi olmalıdır? Bu izahat o qədər də məntiqli görünmür. Bu, eynilə, plantasiyalarda bütün pambıq yığanların qara dərili olmasına əsaslanaraq, plantasiya sahiblərinin də mütləq qara dərili olacağını iddia etməyə bənzəyir. Əgər tamamilə qara dərililərdən ibarət bir işçi qrupu, tamamilə ağlardan ibarət bir rəhbərlik tərəfindən idarə edilə bilirsə, niyə kişilərdən təşkil olunmuş bir ordu, tamamilə və ya heç olmasa qismən qadınlardan ibarət bir rəhbərlik tərəfindən idarə edilməsin? Əslində, tarix boyu bir çox cəmiyyətlərdə yüksək rütbəli zabitlər bu mövqelərə sıravi əsgərlikdən yüksəlməyiblər. Aristokratlar, varlılar və təhsillilər birbaşa zabit rütbəsinə layiq görülüb və heç vaxt sıravi əsgər kimi xidmət etməyiblər. Napoleonun qatı düşməni olan Vellinqton hersoqu on doqquz yaşında ingilis ordusuna yazılanda dərhal zabit təyin edilmişdi və onun tabeliyindəki avam təbəqəsini çox da düşündüyünü demək olmaz. Fransaya qarşı apardıqları müharibədə başqa bir aristokrata yazırdı: "Əsgər olaraq əmrimizdə dünyanın zibilləri var". Bu rütbəsiz əsgərlər adətən ən kasıb təbəqədən və ya etnik azlıqlardan (məsələn, irlandiyalı katoliklər) təşkil olunurdu. Onların rütbələrinin yüksəlmə ehtimalı demək olar ki, yox idi. Yüksək rütbələr isə hersoqlara, şahzadələrə və krallara ayrılmışdı. Yaxşı, bəs niyə təkcə hersoqlar, hersoginyalar yox? Afrikadakı Fransız İmperiyası seneqallıların, əlcəzairlilərin və fəhlə fransızların qanı ilə qurulub müdafiə edildi. Sıravi əsgərlər arasında varlı fransızların sayı demək olar ki, sıfır ikən, seçilmiş azlığın orduda, dolayısıyla İmperiyanı idarə edən və qənimətlərdən faydalananların içindəki payı çox yüksək idi. Yaxşı, bəs bunlar niyə fransız kişiləri idi, qadınları yox?

Çində isə çox qədimlərdən bəri ordunu mülki bürokratiyanın əmrində saxlamaq ənənəsi var idi; həyatında heç qılınc tutmamış məmurlar müharibələri idarə edirdilər. Qədim bir Çin atalar sözündə deyilir: "Yaxşı dəmirdən mismar düzəltməzlər", yəni istedadlı insanlar orduda deyil, bürokratiyada xidmət etməlidirlər. Bəs niyə bu çinli məmurların hamısı kişi idi? Ağlı başında olan heç kim, fiziki zəifliklərinin və ya aşağı testosteron səviyyələrinin çinli qadınların uğurlu general və ya siyasətçi olmasına mane olacağını iddia edə bilməz. Bir müharibəni idarə etmək üçün əlbəttə ki, dözümlülük lazımdır, amma fiziki gücə və ya ifrat aqressivliyə ehtiyac yoxdur. Müharibələr meyxana davası deyil; fövqəladə təşkilatlanma, əməkdaşlıq və güzəştə getmək bacarığı tələb edən son dərəcə mürəkkəb layihələrdir. Ölkə daxilində sülhü qorumaq, xaricdə müttəfiqlər tapmaq, başqalarının (xüsusilə də düşmənin) ağlından nələr keçdiyini anlamaq qələbənin açarıdır. Buna görə də, aqressiv qaba güc adətən bir müharibəni idarə etmək üçün ən pis vasitədir. Bundan qat-qat yaxşısı, necə və harada güzəştə gedəcəyini bilən, yönləndirmə bacarığına sahib, fərqli baxış açıları olan və əməkdaşlığa yatqın şəxslərin müharibəni idarə etməsidir və imperatorlar da məhz onların arasından çıxır. Hərbi cəhətdən bacarıqsız olmasına baxmayaraq, stabil bir imperiya qurmağı bacaran Avqust, özündən qat-qat yaxşı generallar olan Yuli Sezar və Makedoniyalı İsgəndərin edə bilmədiyini etmişdir. Həm dövrünün, həm də müasir dövrün tarixçiləri bu uğurunu onun nəzakətinə və uyğunlaşma qabiliyyətinə bağlamışlar. Qadınlar adətən kişilərdən daha yaxşı yönləndirici olduqları kimi, sakitləşdirmə bacarığı yüksək şəxslər olaraq göstərilirlər, həmçinin empatiya qabiliyyətləri də daha yüksəkdir. Əgər bu stereotiplərin hər hansı bir həqiqət payı varsa, qadınlar mükəmməl siyasətçilər ola bilər, döyüş meydanındakı "çirkli işləri" də testosteronla coşmuş, bir o qədər də iti olmayan macolara həvalə edə bilərlər. Populyar mifləri bir kənara qoysaq, dünya tarixində çox nadir hallarda baş verən bu vəziyyətin niyə belə olduğu da o qədər aydın deyil.

Üçüncü bir bioloji izahat isə qaba gücə və zorakılığa daha az yer verərək, milyonlarla illik təkamül nəticəsində qadınların və kişilərin fərqli həyatda qalma və nəsil artırma strategiyaları inkişaf etdirdiklərini irəli sürür. Bu yanaşmaya görə, kişilər törəmə qabiliyyətli qadınları hamilə buraxa bilmək üçün bir-birləri ilə yarışdıqlarından, onların nəsil artırma şansına sahib olmaları hər şeydən əvvəl rəqiblərini məğlub etmələrinə bağlı idi. Zaman keçdikcə də gələcək nəsillərə ən ehtiraslı, aqressiv və rəqabətcil kişilərin genləri ötürülmüş oldu. Bir qadının özünü hamilə buraxacaq kişi tapması isə heç vaxt problem olmamışdı. Amma əgər nəvələri də olsun istəyirsə, doqquz ay bətnində daşıdığı uşaqlarına doğumdan sonra da illərlə baxmalı idi. Bu müddət ərzində çox az yemək tapmaq fürsəti olacağından köməyə möhtac idi, qısacası bir kişiyə ehtiyacı vardı. Həm özünün, həm də uşaqlarının həyatda qalmasını təmin etmək üçün qadının kişinin təklif etdiyi şərtləri qəbul etməkdən başqa çarəsi yox idi. Zamanla, sonrakı nəsillərə ötürülən qadın genləri, itaətkar, qayğıkeş qadınların genləri oldu. Uzun müddət hakimiyyət mübarizəsi aparan qadınlar isə bu "güclü" genlərini sonrakı nəsillərə ötürə bilmədilər. Bu fərqli həyatda qalma strategiyalarının nəticəsində, kişilər ehtiraslı və rəqabətcil, dolayısıyla ticarət və siyasətdə uğurlu olmağa, qadınlar isə kənara çəkilib həyatlarını uşaq böyütməyə həsr etməyə proqramlandılar.

Digər tərəfdən, bu yanaşma da təcrübi dəlillər tərəfindən sanki təkzib edilir. Bu yanaşmanın xüsusilə problemli tərəfləri, qadınların qayğıya ehtiyac duymasının qadınları niyə digər qadınlara deyil, məhz kişilərə möhtac etdiyi və kişi rəqabətçiliyinin kişini cəmiyyətdə dominant hala gətirdiyi fərziyyələridir. Asılı dişilərlə rəqabətcil erkəklər arasındakı dinamiklər, fillər və bonobo şimpanzeləri kimi bir çox heyvan növündə anaerkil bir ictimai quruluşa yol açır. Dişilərin kənar yardıma ehtiyacı olduğundan sosial bacarıqlarını inkişaf etdirmələri və əməkdaşlıq etməyi, güzəştə getməyi öyrənmələri lazımdır; beləliklə, tamamilə qadınlardan ibarət sosial şəbəkələr quraraq hər üzvün uşaq böyütməsinə yardımçı olurlar. Erkəklər də bu əsnada bütün zamanlarını döyüşərək və rəqabət apararaq keçirir və sosial bacarıqları ilə ictimai bağları inkişaf etməmiş olaraq qalır. Bu üzdən bonobo və fil cəmiyyətləri əməkdaşlığa yatqın dişilərdən ibarət şəbəkələr tərəfindən idarə edilir və eqoist, əməkdaşlığa yanaşmayan erkəklər də kənara itələnir. Dişi bonobolar orta statistik erkəklərdən daha zəif olmalarına baxmayaraq, adətən birləşib həddini aşan erkəkləri döyə bilirlər. Bu, bonobolar və fillərdə mümkündürsə, Homo sapiensdə niyə olmasın? Sapienslər, nisbətən zəif və yeganə üstünlüyü böyük qruplar halında əməkdaşlıq edə bilmək olan heyvanlardır. Bu vəziyyətdə, kişilərə asılı olsalar belə, köməyə möhtac qadınların daha yüksək səviyyədəki sosial bacarıqlarını əməkdaşlıq etmək üçün istifadə edərək aqressiv, muxtar və eqosentrik kişiləri məğlub etmələrini gözləməliyik. Necə olur ki, bütün uğurlarını əməkdaşlığa borclu olan bir növdə, daha az əməkdaşlığa yatqın olacağı fərz edilən fərdlər (kişilər), daha çox əməkdaşlıq etməyə münasib olduğu fərz edilən fərdlərə (qadınlara) üstünlük qura bilir? Əlimizdə çox yaxşı bir cavab yoxdur, bəlkə də fundamental fərziyyələrimiz yanlışdır. Bəlkə də Homo sapiens kişilərinin fərqləndirici xüsusiyyəti fiziki güc, aqressivlik və rəqabətçilik deyil, daha üstün sosial bacarıqlar və əməkdaşlığa yatqınlıqdır. Bilmirik.

Bidiriyimiz odur ki, ötən əsrdə cinsi rollar fövqəladə bir inqilab keçirib. Bu gün getdikcə daha çox cəmiyyət təkcə qadınlara bərabər hüquqi status, siyasi haqlar və iqtisadi fürsətlər təqdim etməklə qalmır, eyni zamanda cinsəllik və cinsi kimlik anlayışlarını kökündən yenidən müəyyənləşdirir. Cinslər arasındakı uçurum hələ də əhəmiyyətli səviyyədə olsa da, hadisələr nəfəskəsici bir sürətlə inkişaf edir. 1913-cü ildə ABŞ-da qadınların səsvermə hüququ ümumiyyətlə qəbuledilməz hesab olunarkən, qadın bir məclis sədri və ya yüksək məhkəmə hakimi gülünc görünərdi, homoseksuallıq isə o dərəcədə böyük bir tabu idi ki, nəzakət çərçivəsində müzakirə edilə bilməzdi belə. 2013-cü ilə gəldikdə isə qadınların səsvermə hüququ təbii qəbul edilirkən, qadın məclis sədrlərinin varlığına şərh verməyə belə ehtiyac duyulmur, ABŞ Ali Məhkəməsinin beş hakimi (üçü qadın) həmcinslilərin nikahının leqallaşması yönündə səs verdilər (dörd kişi hakimin etirazını qüvvədən salaraq). Bu təəccüblü dəyişikliklər cinsi kimlik tarixini olduqca maraqlı edir. Əgər patriarxal sistem, bu gün sübuta yetirildiyi kimi, bioloji reallıqlar yerinə əsassız miflərlə hörülübsə, bu sistemin bu qədər uzun müddət davam edən sabitliyini və universallığını necə izah edə bilərik ?

0
Subscribe to my newsletter

Read articles from Jonathan directly inside your inbox. Subscribe to the newsletter, and don't miss out.

Written by

Jonathan
Jonathan

Tarix üzrə ixtisaslaşmışam. Fəlsəfə və din araşdırmaçısıyam.